Özbəkistanın Mədəniyyət Nazirliyi, Fərqanə Vilayət Hakimliyi və “Hunarmand” (Dulusçuluq) Assosiasiyasının birgə layihəsi ilə bu ölkənin Kokand şəhərində II Beynəlxalq Xalq Tətbiqi Sənəti Festivalı, Riştan şəhərində isə Beynəlxalq Dulusçuluq Forumu keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən (AMM) bildirilib ki, tədbirlərə dünyanın 70 ölkəsindən gələn dulusçular, sənətşünaslar, ekspertlər, bu sahənin mütəxəssisləri, saxsı ustaları və bir sıra ölkələrdən biznes nümayəndələri qatılıb. Ölkəmizi bu tədbirlərdə AMM təmsil edib.  

Kokand şəhərindəki qədim Abdullaxan malikanəsinin qarşısındakı mərkəzi parkda təşkil edilən sərgidə hər ölkənin ayrıca hazırlanan guşəsində iştirakçıların əl işləri nümayiş olunub.

Azərbaycana ayrılmış stenddə dəri rəssamları, miniatür və qurama ustaları Pərvanə və Lalə Eyyubovalar, ağac üzərində oyma üzrə sənətkarlar Ələkbər Məmmədov və Tofiq Əliyev öz əl işlərini nümayiş etdiriblər.

Guşədə Azərbaycan Mədəniyyət Mərkəzinin kitab və suvenirlərdən ibarət sərgisi də yer alıb. Stenddə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatına dair nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən buraxılan kitablar, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən Özbəkistan Prezident Administrasiyası Sosial inkişaf departamentinin rəhbəri Odil Abdurahmanov ölkə başçısı Şavkat Mirziyoyevin festival iştirakçılarına təbrik məktubunu oxuyub. Qeyd edib ki, son illər Özbəkistanda 100-dən çox festival və forum keçirilib, II Beynəlxalq Xalq Tətbiqi Sənəti Festivalı isə incəsənətin, dostluğun və istedadın inkişafına xidmət edir.

Dünya sənətkarlar şurasının prezidenti Səad əl-Qəddumi, Fərqanə vilayətinin hakimi Hayrullo Bazarov festivalın xalqlar arasında dostluğun möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıblar.

Festivalın ikinci günü Böyük İpək Yolunun üzərində olan qədim Riştan şəhərində dünyada tanınan dulusçu Əlişir Nəzirovun böyük emalatxanasında keçirilən sərgi və “XXI əsrdə dulusçuluq sənəti: ənənə və müasirlik” adlı konfransda da Azərbaycandan gələn qonaqlar iştirak ediblər. Həm Kokand, həm də Riştan şəhərlərində keçirilən sərgilərdə Azərbaycan sənətkarlarının əl işlərinə böyük maraq olub.

Konfransda bildirilib ki, Riştan şəhəri bütün dünyada dulusçuluq və saxsı sənətkarlığı mərkəzi kimi tanınıb. Riştanda bu sahənin tanınmış ustaları İbrahimcan Kamilov, Babacan Nişanov, Hakimcan Səttarov, Rustamcan Usmanov, Əlişir Nəzirov, Şərafəddin Yusubov, Taxircan Xaydarov və digərlərinin əl işləri bütün dünyaya yayılıb. Riştan ustaları ABŞ, İran, Misir, Böyük Britaniya, Fransa, Polşa, İsveçrə, İraq və digər dövlətlərdə keçirilən beynəlxalq sərgilərdə bu qədim şəhərə diplom və medallarla qayıdıblar.

Qeyd edilib ki, Özbəkistanda Fərqanədən başqa Səmərqənd və Xarəzm dulusçuluq məktəbləri də fəaliyyət göstərir və bunların hər birinin özünəməxsus üslubu və istiqaməti var. Xarici və yerli ustalar, dizaynerlər və iqtisadçıların iştirakı ilə “Dulusçuluq və bazar iqtisadiyyatı” adlı dəyirmi masa da keçirilib.