Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) İ.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasının (Rusiya) rektoru Semyon Mixaylovski ilə görüş keçirilib.
Sentyabrın 25-də gerçəkləşən görüşdə ADRA-nın rektoru Xalq rəssamı, professor Natiq Əliyev Semyon Mixaylovskini müəllim heyətinə təqdim edib, təhsil müəssisəsinin fəaliyyəti haqqında qonağa məlumat verib. Diqqətə çatdırılıb ki, 2000-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə yaradılan akademiyada əsasən Rusiya rəssamlıq məktəbinin yetirmələri olan mütəxəssislər çalışır.
Sankt-Peterburq Rəssamlıq Akademiyasının rektoru Semyon Mixaylovski səmimi münasibətə görə rektora və müəllim heyətinə təşəkkürünü bildirib, burada çalışan bir sıra rəssamlarla bağlı xatirələrini bölüşüb. Qonaq rektor həmçinin Xalq rəssamı Natiq Əliyevin hələ tələbə ikən Leninqradda (Sankt-Peterburqda) qoyduğu, II Dünya müharibəsində həlak olmuş həkim və tələbələrə həsr olunmuş abidə barədə də söhbət açıb, bu faktı Azərbaycanda rəssamlığın yüksək səviyyədə olmasının bariz nümunəsi kimi səciyyələndirib.
Daha sonra Xalq rəssamı, professor, ADRA-nın beynəlxalq əlaqələr üzrə prorektoru Səlhab Məmmədov, elm və yaradıcılıq işləri üzrə prorektor Xalq rəssamı Fuad Salayev, “Azərxalça” ASC-nin idarə heyətinin sədri Emin Məmmədov çıxış edərək iki təhsil müəssisəsi arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.