Sentyabrın 26-da festival çərçivəsində növbəti konsert proqramı ADA Universitetində təşkil olunub. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının əziz xatirəsinə həsr edilən konserti izləyənlər sırasında universitetin rəhbərliyi və Mədəniyyət Nazirliyinin əməkdaşları da olub.
Təhsildə yenilikçi olan universitetdə hələ bir neçə gün əvvəl festival çərçivəsində təşkil ediləcək tədbirlə bağlı tələbələrə “Mədəniyyət Nazirliyi ilə birgə dünya şöhrətli bəstəkarımızın əbədiyaşar irsinə həsr olunmuş xüsusi tədbir keçirəcəyik. Görkəmli bəstəkar və Azərbaycan klassik musiqisinin atası Üzeyir Hacıbəylinin yazdığı musiqi şedevrlərinin dərin təsirini hiss edin”, - deyə müraciət olunmuşdu.
“Üzeyir sənətinin gənclik sədaları” adlı konsertdə lirik notlardan süzülən əsərlərlə yanaşı, qəhrəmanlığa çağıran cəngi sədaları da səslənib. Gənc və istedadlı dirijor Mustafa Mehmandarovun idarəsi ilə Bakı Kamera Orkestri, solistlər Yeganə Axundova (piano) Atəş Qarayev (vokal), Arzu Əliyeva (xanəndə)və Emil Bağırov (klarnet) universitetin müəllim və tələbə heyəti qarşısında çıxış ediblər.
Proqramda Ü.Hacıbəylinin “Aşıqsayağı”, “Sevgili canan”, Niyazinin “Laylay”, A.Əlizadənin “Cəngi”, A.Məlikovun “Noktürn”, Q.Qarayevin “İki rəqs” və T.Quliyevin “Qaytağı” əsərləri təqdim olunub. Konsert proqramı F.Əmirovun “Nizami” simfoniyası ilə yekunlaşıb.