Festivalın proqramında 29 ölkədən 61 sənədli film yer alıb

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə 26 sentyabr – 1 oktyabr tarixlərində “DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçirilir.

Sentyabrın 26-da Nizami Kino Mərkəzində festivalın açılış mərasimi oldu.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Kino Agentliyinin şöbə müdiri Rəşad Qasımov bildirdi ki, hər bir film festivalı kinonun bayramı deməkdir. “DokuBaku” festivalı Mədəniyyət Nazirliyi və onun nəzdində fəaliyyət göstərən Kino Agentliyinin dəstəyi ilə həyata keçirilir. O, təşkilatçılara təşəkkürünü bildirdi, festivalın işinə uğurlar arzuladı.

Tədbirin aparıcısı aktrisa Kəmalə İsrafilova diqqətə çatdırdı ki, artıq yeddinci dəfə təşkil olunan festivalın mövzusu “KosmoDarvinizm: dolça dövrü”dür. Builki festival üçün seçilmiş filmlərin əksəriyyəti bəşər övladının dəyərini və onun texnologiyadan istifadə etmədən uğur qazanma arzusunu bəyan edir.

Qeyd olundu ki, festivalın proqramında 29 ölkədən 61 sənədli film yer alıb. İldən-ilə festivala müraciətlərin sayı artır. Ekran işləri beş kateqoriya üzrə yarışacaq: “Ən yaxşı tammetrajlı film”, “Ən yaxşı qısametrajlı film”, “DokuDarvin”, “No Main Müsabiqə”, “Müsabiqədənkənar” və “DokuKids”. Festivalda gender bərabərliyi də nəzərə alınıb. Bu il təqdim olunacaq filmlərin 40 faizi qadın rejissorlar tərəfindən lentə alınıb.

Bildirildi ki, filmləri Fransua Skulye, Nik Voyt, Maykl Qraversen, Andrea Tsulkova, Emil Nəcəfov, Fuad Şabanov – ümumilikdə 20 yerli və xarici ekspertdən ibarət münsiflər heyəti qiymətləndirəcək. Festivalın tərəfdaşlarının sayı da ildən-ilə artır. Builki festivalda Saloniki Beynəlxalq Film Festivalının (Yunanıstan) nümayəndəsi Yanis Palavos və Lissabon Sənədli Filmlər Festivalının (Portuqaliya) proqram tərtibatçısı Castin Cekl də iştirak edir. Hər kateqoriya üzrə birinci yeri tutan kinorejissorlara mükafatlar veriləcək. Bu il mövcud “iHuman”, “iCyborg”, “NewEye” mükafatları ilə yanaşı, yeni “CosmoHuman” mükafatı da təqdim olunacaq.

Festivalın direktoru, rejissor İmam Həsənov festivalın keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirərək festivalı açıq elan etdi.

Daha sonra rejissor Mariya İbrahimovanın “Yüz yaşa – Lerikin uzunömürlüləri” filmi nümayiş olundu. Nümayişdən əvvəl rejissor dedi ki, bu onun Azərbaycanda çəkdiyi ilk filmdir. O, Azərbaycan kinosunun 125 illiyinə təsadüf edən festivalı və müəllifi olduğu filmin bu ərəfədə nümayişini yaradıcılığında əlamətdar hadisə kimi dəyərləndirdi.

Lalə Azəri