Mədəniyyət Nazirliyinin dəstəyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında sentyabrın 25-də “Üzeyir Hacıbəylinin musiqili şah əsərləri” adlı fotosərgi açılıb.

Sərgidə fotomüxbir və jurnalist Rüstəm Qasımovun dahi bəstəkarın “Leyli və Məcnun” və “Koroğlu” operaları, “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarının son illərdə nümayiş olunan tamaşalarından fotolar yer alıb.

Bu barədə məlumat verən müəllif qeyd edib ki, şəkilləri çəkən zaman personajın xarakterini göstərmək üçün mimika və jestlərə fikir verir. “Təbii ki, işıq və digər cəhətləri nəzərə alıram ki, fotoşəkil mümkün qədər rəngarəng və maraqlı olsun. Fotoya baxan izləyicinin atmosferi hiss etməsinə çalışıram”, – deyə R.Qasımov vurğulayıb.

Sərgidə təqdim olunan işlər sadəcə statik fotoşəkillər deyil, davam edən hərəkəti, dinamikanı, duyğuları, hissləri, əhval-ruhiyyəni, təcrübələri göstərən anları əks etdirir. Müəllif emosional komponentə, mimika və jestlərə xüsusi diqqət yetirir. Bütün fotolar Üzeyir Hacıbəylinin konkret opera və musiqili komediya qəhrəmanlarının məşhur və sevilən obrazlarının xarakterini açır.

40-dan çox fotoşəkilin yer aldığı sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Qeyd edək ki, həmin gün Opera studiyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən Üzeyir Hacıbəyli festivalı çərçivəsində “Arşın mal alan” operettası nümayiş etdirilmişdi.

Lalə