Diqqətəlayiq ekran obrazları ilə yaddaşlarda iz qoyan sənətkarlarımızdan biri də tanınmış kino aktyoru, teatr rejissoru Əkbər Fərzəliyev olub. Kinoya təsadüfən gəldiyini etiraf edən sənətkar ilk kino obrazı olan Aydın rolu ilə (“Qızmar günəş altında”) kinosevərlərin sevimlisinə çevrilib. Aktyoru Azərbaycan kinosunun 125 illiyi münasibətilə yada saldıq.
Əkbər Fərzəli oğlu Fərzəliyev 1 oktyabr 1932-ci ildə Qusar rayonunun Köhnə Xudat kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra 1953-cü ildə Pedaqoji İnstitutun Dil-ədəbiyyat fakültəsinə daxil olur. Sonradan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunur. Hələ tələbə ikən Azərbaycan Dövlət Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə çəkilişə dəvətlər alır. Bu, gənc Əkbərdə aktyorluğa maraq oyadır. O, sonra “Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor assistenti işləyir.
Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə Əkbər Fərzəliyevlə bağlı araşdırmasında yazır ki, o, “Uzaq sahillərdə” filmində əfsanəvi qəhrəman Mixaylo roluna sınaq çəkilişlərinə dəvət edilir. Bu rola əsas namizədlərdən biri olur. Ancaq rejissor Tofiq Tağızadə tanınmış aktyor Nodar Şaşıqoğlunu bu rola təsdiq edir.
Ə.Fərzəliyev kinoda yaddaqalan obrazlar yaradıb. Onun “Qızmar günəş altında” filmində canlandırdığı Aydın, “Koroğlu” filmində Eyvaz obrazları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Onu da deyək ki, aktyor 1961-ci ildə Rusiyada istehsalı olan “Al yelkənlər” bədii filmində dalğıc rolunda çəkilib.
Aktyor “Mənim kino xatirələrim” adlı memuarında kinoya gəlişinin təsadüfi olduğunu bildirir: “Bir qrup tələbə yoldaşımla kinostudiyada çəkilən “Bəxtiyar” filmində kütləvi səhnələrdə çəkilmək üçün dəvət almışdıq. Sevincimdən sanki uçurdum. Kino ekranında özümü görmək mənə qəribə və ecazkar gəlirdi... Sonra fotoqraf dostum məni Azərbaycan Dövlət Dram Teatrına apardı. Sən demə, o, hər axşam burada kütləvi səhnələrdə çıxış edir və məvacib alırmış. Məni də qəbul etdilər... İlk dəfə burada teatr sənətimizin dahiləri Mirzəağa Əliyev, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Əjdər Sultanov, Rza Əfqanlı, Məlik Dadaşov, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Mərziyyə Davudova, Məhluqə Sadıqova, Möhsün Sənani və başqalarını gördüm. Onlarla salamlaşmağı, çay stolu arxasında oturmağı özümə böyük fəxarət sayırdım”.
Onun teatr sahəsində fəaliyyəti çox davam etmir. Bu barədə sənətkarın xatirəsində daha sonra oxuyuruq: “1956-cı ilin bir yaz günü idi. Həsən Seyidbəyli və İmran Qasımovun “Uzaq sahillərdə” tamaşasını yenicə qurtarmışdıq. Kinostudiyanın rejissor assistenti Abdulla Vəkilov bildirdi ki, “O olmasın, bu olsun” filmi çəkilir. Üzeyir Hacıbəylinin obrazını yaradacaq aktyor axtarırıq. Siz Üzeyir bəyə çox oxşayırsınız. Mümkünsə, sabah gəlin sizi quruluşçu rejissor Hüseyn Seyidzadəyə təqdim edim...”.
Bu zaman aktyor Üzeyir bəyin həyat yoldaşı Məleykə Terequlova ilə görüşür: “Hüseyn müəllim, mən və başqa bir nəfər maşına oturub yola düşdük. Qulluqçu bizi içəri dəvət etdi. Hüseyn müəllim rusca məni təqdim etdi. Məleykə xanım üzümə diqqətlə baxıb: “Doğrudan da, Üzeyirimi mənə pay gətirmisiniz”, – dedi. Onların evindəki şəkillərin əksəriyyətində mənim oxşar cizgilərim hiss olunurdu. Biz çıxanda mənə uğurlar dilədi...”.
Beləliklə, Ə.Fərzəliyev kinoda ilk rolunu “O olmasın, bu olsun” filmində oynayır. O, 1963-cü ildə kinematoqrafiya sahəsində çalışdıqdan sonra atasının xahişi ilə burada Xalq teatrını yaradır və teatrın rejissoru olur. 1965-ci ildə rayon Mədəniyyət evinin direktoru təyin edilir. Bir il sonra onun rəhbərliyi altında rayon Mədəniyyət evinin nəzdində Ləzgi mahnı və rəqs ansamblı təşkil olunur. Xalq teatrının “Qisas” tamaşası Bakıda özfəaliyyət incəsənət festivalının laureatı olur. O, həmçinin rejissor kimi “30 qəpiklik cərimə”, “Müqtədir”, “Dağlar şahiddir” tamaşalarına quruluş verir. “Yarımın atası”, Şeyx Şamilin anadan olmasının 200 illiyi ilə bağlı “İmam Şamil” əsərləri Qusar Dövlət Ləzgi Dram Teatrında oynanılır.
Tanınmış aktyor poeziyaya bağlı olub, özü də şeirlər qələmə alıb. “Pələng”, “Baxışlar”, “Qusarım”, “Hər şeydən şirin”, “Sınaq”, “Gəl barışaq”, “Zalım fələk”, “İntizar” və s. şeirlərin müəllifidir. “İntizar” şeirini 1969-cu ildə Azərbaycan Dövlət Mahnı Teatrının sifarişi ilə qələmə alıb. Şeirə tanınmış bəstəkar Ruhəngiz Qasımova musiqi bəstələyib.
Azərbaycan kino sənətində iz qoyan Əkbər Fərzəliyev 15 may 1999-cu ildə vəfat edib.
S.Fərəcov