Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1996-cı il 6 noyabr

 

Prezident Heydər Əliyev Bakıda keçirilən Türk Dünyası Yazıçılarının III Qurultayında nitq söyləyib.

“...1992-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin mərhum prezidenti Turqut Özalın təşəbbüsü ilə başlanan bu qurultay türkdilli xalqların, Türk dünyasının qədim, böyük tarixini yenidən canlandırmaq üçün çox dəyərli təşəbbüs olmuşdur. Sonra bu qurultay ikinci dəfə Ankarada keçirilərkən bizim əziz dostumuz, qardaşımız, Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəlin iştirakı ilə bu qurultaya güc verilmiş və bu ənənənin köklənməsini göstərmişdir. Bu dəyərli təşəbbüs bu gün davam edir. Əmin olduğumu bildirmək istəyirəm ki, Türk dünyasının yazıçıları bu işi davam etdirəcəklər...

...Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Dilimizi isə yaşadanlar, zənginləşdirənlər, inkişaf etdirənlər şairlərimiz, yazıçılarımız olmuşdur. Biz adətən böyük tariximiz haqqında, xalqlarımızın böyuk mədəniyyəti haqqında danışarkən birinci növbədə onların yaratdıqları bədii əsərlərə əsərlərinə istinad edir, bunları nümunə gətirir və təbliğ edərək eyni zamanda öz tariximizi, mədəniyyətimizi təbliğ edirik. Qədim dövrlərdə “Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Koroğlu” dastanları, xalqlarımızın hamısına mənsub olan dahi şairlərimiz, yazıçılarımız – Nizami, Yunus Əmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay və digərləri xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks etdirən, xalqlarımızı dünyada tanıdan ölməz əsərlər yaratmışlar...

XX əsr dünya tarixində çox mürəkkəb, ziddiyyətli, gərgin proseslər dövrü olmuşdur. Türkdilli xalqların, ölkələrin mədəniyyəti, ədəbiyyatı XX əsrdə ziddiyyətli, eyni zamanda çox şərəfli və müvəffəqiyyətli yol keçmişdir. Bir tərəfdən bizim mənəviyyatımızı, mədəniyyətimizi, ədəbiyyatımızı bir-birindən ayırmaq, parçalamaq, milliliyin qarşısını almaq cəhdləri çox güclü olmuş, ikinci tərəfdən də yaranmış ictimai-siyasi vəziyyət və xalqlarımızın cürbəcür imkanlardan istifadə edib dünya mədəniyyəti ilə daha sıx əlaqələr qurması nəticəsində ədəbiyyatımız, mədəniyyətimiz inkişaf etmişdir.

Milli azadlığın, sərbəstliyin, müstəqilliyin xalqlarımıza bəxş etdiyi töhfələr göz qabağındadır... Amma eyni zamanda xalqlarımızın böyük tarixini yenidən təhlil etmək, yenidən qiymətləndirmək, hər bir xalqın tarix boyu yaratdığı mənəvi dəyərləri, ədəbiyyat, mədəniyyət abidələrini bütün xalqlar üçün doğma etmək bizim bu görüşlərin mərkəzində duran vəzifələrdir...

Son illər bizim ölkələrimizdə gedən cürbəcür proseslər mədəni, elmi, ədəbi əlaqələrimizi müəyyən qədər zəiflədibdir. Ona görə də indi TÜRKSOY təşkilatının fəaliyyəti ilə əlaqədar biz keçən illərdə müəyyən sahələrdə yaranmış boşluğu aradan götürməliyik. Biz çalışmalıyıq ki, ölkələrimiz, xalqlarımız arasında olan əlaqələr bundan sonra bütün sahələrdə sürətlə inkişaf etsin...”.

 

TÜRKSOY təşkilatının Bakıda keçirilən VIII toplantısında nitq söyləyib.

 

1996-cı il 8 noyabr

 

Bakının Füzuli meydanında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illiyinə həsr olunan tədbirdə iştirak edib.

Respublika Sarayında Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində nitq söyləyib.

“...Məhəmməd Füzulinin 500 illik yubileyi üç ildir ki, Azərbaycanın hər bir guşəsini fəth edib və dünyanı dolaşır... Türkiyədə – Ankarada, Rusiyada – Moskvada, İraqda – Bağdadda, Kərbəlada, Kərkükdə, İranda – Tehranda, Gürcüstanda, Qazaxıstanda, Özbəkistanda, Dağıstanda – Dərbənddə, Mahaçqalada, Parisdə, UNESCO-nun qərargahında Füzulinin 500 illik yubileyi ilə əlaqədar təntənəli mərasimlər keçirilib. Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar UNESCO təşkilatı tərəfindən qəbul olunmuş qərar xalqımıza, mədəniyyətimizə, Məhəmməd Füzuliyə verilmiş böyük qiymət, hörmət və ehtiramdır. Türkdilli ölkələrin beynəlxalq TÜRKSOY təşkilatının VIII toplantısında Məhəmməd Füzulinin yaradıcılığı, onun irsi diqqət mərkəzində olmuşdur...

Füzuli Azərbaycan xalqının böyük şairi, alimi, filosofu olaraq, eyni zamanda bütün türkdilli, türksoylu xalqlara, bütün türk, İslam dünyasına mənsubdur. Onun irsi dünya mədəniyyətinə böyük töhfələr vermişdir, dünya mədəniyyətini zənginləşdirmişdir... O, Azərbaycan şeirinin, Şərq şeirinin ən yüksək zirvəsinə çatmışdır və onun poeziyası 500 ildir insanlara böyük mənəvi ruh verir... Məhəmməd Füzuli öz əsərləri, yaradıcılığı ilə özünə yenilməz bir heykəl, abidə  yaratmışdır. Bu, mənəvi abidədir...

Füzuli o dövrdə hakim olan ərəb və fars dillərində yazmışdır. Ancaq bizim üçün ən əhəmiyyətli cəhət bundan ibarətdir ki, Məhəmməd Füzuli əsərlərinin çox hissəsini türk dilində, Azərbaycan dilində yazmışdır. Füzulinin ən böyük xidmətlərindən birı də öz dövrünün və ondan sonrakı dövrün mürəkkəb proseslərinə baxmayaraq, türk dilini, ana dilini yaşatmasından ibarətdir.

XX əsrin əvvəlində böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov Məhəmməd Füzulinin poeması əsasında müsəlman Şərqində ilk opera əsəri – “Leyli və Məcnun” operasını yaratmışdır. Azərbaycan yazıçıları, şairləri, bəstəkarları, rəssamları, heykəltaraşları Füzulinin əsərlərinə həsr olunmuş, onun əsərlərindən irəli gələn ideyalardan istifadə edərək gözəl əsərlər yaratmışlar. Bütün bunlar Füzulinin yaradıcılığının və onun sonrakı nəsillərə qoyduğu irsin məzmunu və mənasıdır...”.

 

Məhəmməd Füzulinin 500 illik yubileyinə gəlmiş qonaqların şərəfinə “Gülüstan” Sarayında təşkil olunmuş rəsmi qəbulda nitq söyləyib.

UNESCO-nun baş direktoru Federiko Mayoru qəbul edib, təşkilatla Azərbaycan arasında elm, təhsil və mədəni sahədə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Hazırladı: V.Orxan

(davamı var)