Hələ 250 milyon il var...

 

Avropa və ABŞ-dən olan tədqiqatçılar belə qənaətə gəliblər ki, təxminən 250 milyon ildən sonra bütün qitələrin birləşməsindən, çox rütubətli və isti iqlimi olan super qitənin formalaşmasından sonra Yer kürəsi məməlilərin yaşaması üçün yararsız hala düşəcək.

Bu barədə İngiltərədə nəşr olunan “Nature” jurnalında işıq üzü görmüş məqalədə məlumat verilib. Alexander Farnsvort və həmkarları planetin tektonik aktivliyi və iqlimin kompüter modelindən istifadə edərək bu qənaətə gəliblər. Bu, onlara növbəti yüz milyonlarla il ərzində torpağın görünüşünün necə dəyişəcəyini hesablamağa imkan verib. Bu müddət ərzində, tədqiqatçıların da qeyd etdiyi kimi, hazırda mövcud olan qitələrin hamısı geoloqların “Pangea Ultima” və ya “Son Pangea” adlandırdıqları yeni superkontinentdə birləşəcək.

Tədqiqatçıların hesablamalarına görə, “Pangea Ultima”, demək olar ki, şimaldan cənub qütbünə qədər uzanacaq, lakin bu qitənin əhəmiyyətli hissəsi Yerin ekvatorial və tropik bölgələrində yerləşəcək. Bu xüsusiyyətlərin birləşməsi sayəsində yeni superkontinent bütün planetin iqliminə əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Alimlər Günəşin 250 milyon ildən sonra indikindən 2,5 faiz daha çox enerji buraxacağını, həmçinin atmosferdə CO2 konsentrasiyasının hərəkəti ilə bağlı dəyişiklikləri nəzərə alaraq “Pangea Ultima”nın iqlim xüsusiyyətlərini hesablayıblar. Nəticələr göstərib ki, yeni super qitənin yaranmasından sonra Yerdəki quru həyat son dərəcə əlverişsiz bir mühitə çevriləcək.