AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin təsisçisi, mərhum cavidşünas, tarixçi, türkoloq, professor Əjdər Tağıoğlunun (Əjdər İsmayılov; 1938-2022) “Zəngəzur toponiminin qədim etnogenez tarixi” kitabının təqdimatı keçirilib.
Oktyabrın 2-də gerçəkləşən tədbirdə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli alim kimi səmərəli fəaliyyətindən, tədqiqat əsərlərindən söz açıb. Bildirilib ki, Zəngəzur ərazisindəki toponimlərin hamısı qədim türk adlarıdır, sonrakı dövrlərdə ermənilər bu yer adlarını dəyişdirərək tarixi saxtalaşdırmağa çalışıblar. Kitab Zəngəzurun qədim türk-oğuz yurdu olmasını tutarlı faktlarla təsdiq edən qiymətli mənbədir.
Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli Əjdər Tağıoğlunu vətənpərvər bir insan kimi xarakterizə edərək vurğulayıb ki, alim yaradıcılığı boyu Azərbaycanın qədim torpaqlarından olan Zəngəzurun tədqiqinə, onun tarixinin öyrənilməsinə böyük səy göstərib. Təqdim olunan kitab da məhz müəllifin doğma yurda olan sevgi və istəyinin təzahüründən yaranıb.
Toponimika şöbəsinin müdiri dosent Elçin İsmayılov, dosent Zülfiyyə Quliyeva, və elmi işçi Ayşən İsmayıllı kitab haqqında məruzələri dinlənilib.
Tədbirdə yazıçı-publisist Yunus Oğuz, şair Rüstəm Behrudi, professor Sayalı Sadıqova müəlliflə bağlı xatirələrini bölüşüblər.
Sonda mərhum tədqiqatçının övladı, kitabın redaktoru iqtisadçı alim Cavid İsmayıl tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.