Görkəmli tarixçi alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Yaqub Mahmudovun “Seçilmiş əsərləri”nin XVII cildi çapdan çıxıb.

Yeni nəşrə Yaqub Mahmudovun “Real tarix və “böyük Ermənistan” uydurması” kitabının Azərbaycan, türk, ingilis, rus, alman və fransız dillərində nəşr olunmuş variantları daxil edilib.

On bir dildə çap olunmuş “Real tarix və “böyük Ermənistan” uydurması” kitabında ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. İlk dəfə olaraq sübut edilir ki, müasir ermənilər “armeniya”, “armyane”, “erməni” adlarına Şərqi Anadoluya köçüb gəldikdən sonra sahib çıxıblar. Tarixdə heç zaman “böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.

“Seçilmiş əsərlər”in XVII cildinin elmi redaktoru Dövlət mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli, dizayneri riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayeva, texniki redaktoru Aydan Əliməmmədovadır.