Beynəlxalq Muğam Mərkəzinin (BMM) nəşrləri seriyasından yeni kitab işıq üzü görüb. Filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının “Məşədi Məhəmməd Fərzəliyev: son nöqtədən sonra” adlı kitabı çapdan çıxıb.
Kitab görkəmli şuşalı xanəndə Məşədi Məhəmməd Fərzəliyevin (1872-1962) həyat və yaradıcılığının İstanbul dövrünə həsr edilib.
Xanəndə 1929-1962-ci illərdə İstanbulda yaşayıb, “Azəri musiqi heyəti” adlı ansambl yaradaraq muğam və xalq mahnılarımızı təbliğ edib.
Yeni nəşrdə M.M.Fərzəliyevi şəxsən görmüş türkiyəli insanların xatirələri yer alıb. Həmçinin xanəndənin XX əsrin əvvəllərində müxtəlif firmalarda buraxılmış səs yazılarının olduğu valların fotoları və onların kataloqu da kitaba daxil edilib.
Kitabın redaktoru Amin Namazlı, məsləhətçisi Turan İbrahimovdur.
Xatırladaq ki, ötən il BMM-in nəşrləri silsiləsindən M.M.Fərzəliyev haqqında “Salam, Məşədi” kitabı (müəllif G.Kazımlı) xanəndənin 150 illiyi münasibətilə işıq üzü görmüşdü.