M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası oktyabrın 10-dan 14-dək keçirilən “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi çərçivəsində (bədii rəhbər Stanislav Yudeniç (ABŞ) dahi rus bəstəkarı Sergey Raxmaninovun anadan olmasının 150 illiyinə həsr olunmuş konsertlər silsiləsinə ev sahibliyi edəcək.
Oktyabrın 10-da dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - İlya Şmukler (piano, Rusiya), Çi-Çi (piano, Çin), Yanqrey Tsay (piano, Çin) və Əli Məmmədov (piano, Azərbaycan) öz ifalarını dinləyicilərə təqdim edəcəklər. Proqramda Sergey Raxmaninovun Piano və orkestr üçün 2 (c-moll, op.18) və 4 saylı (g-moll, op.40) konsertləri, “Paginini mövzusuna Rapsodiya”sı, op.43 və Sergey Prokofyevin Piano və orkestr üçün 2 saylı (g-moll, op.16) konserti səslənəcək.
Oktyabrın 12-də bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Anastasiya Vorotnaya (piano, Rusiya), Sergey Belyavski (piano, Rusiya) və İsgəndər Məmmədəliyev (piano, Özbəkistan) tamaşaçılar qarşısında çıxış edəcəklər. Proqramda Sergey Raxmaninovun Piano və orkestr üçün 1 (fis-moll, op.1) və 3 saylı (d-moll, op.30) konsertləri, Sergey Prokofyevin Piano və orkestr üçün 3 saylı (C-dur, op.26) konserti səslənəcək.
Oktyabrın 14-də bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artisti Murad Adıgözəlzadə (piano, Azərbaycan), Stanislav Yudeniç (piano, ABŞ), David Khrikuli (piano, Gürcüstan) musiqisevərlərə öz ifalarını təqdim edəcəklər. Proqramda Johannes Brahmsın Piano və orkestr üçün 2 saylı (B-dur, op.83) konserti, Moris Ravelin Piano (sol əl üçün) və orkestr üçün 2 saylı (D-dur) Konserti və Wolfgang Amadeus Mozartın İki piano ilə orkestr üçün 10 saylı (Es-dur, KV365) konserti səslənəcək.