Dövlət Tərcümə Mərkəzi Rusiya Tərcümə İnstitutunun qrant layihəsi çərçivəsində rus ədəbiyyatının görkəmli nümayəndəsi, dünyaşöhrətli yazıçı Andrey Platonovun məşhur “Çevenqur” romanını Azərbaycan dilində nəşr edib.

Tərcümə Mərkəzindən bildirilib ki, əsərin orijinaldan Azərbaycan dilinə tərcümə müəllifi, tanınmış tərcüməçi İlqar Əlfi, redaktorları Bəhlul Abbasov və Şəfiqə Şəfadır.

Dünya ədəbiyyatşünaslarının qənaətincə, mövzu baxımından lirik satira, fəlsəfi, ideoloji roman, xalq epopeyası, faciəvi utopiya və antiutopiya kimi müxtəlif janr və ədəbi cərəyanları özündə birləşdirən əsər Andrey Platonovun “Çevenquru” adlı “Ön söz”lə təqdim edilir.

Qeyd edək ki, “Çevenqur” Andrey Platonovun utopik sosial-fəlsəfi romanıdır. Əksər ədəbiyyatşünasların fikrincə, roman müəllifin özünün sağlığında yekunlaşdırdığı ən əhəmiyyətli əsəridir. 1926–1928-ci illər arasında qələmə alınmış romanda real hadisələr və onların cərəyan etdiyi məkan mif məntiqi ilə dəyişdirilsə də, hərbi kommunizm və Yeni İqtisadi Siyasət (YİS) dövrünü əhatə edir. Romanın baş qəhrəmanı Aleksandr Dvanov o dünyaya marağı ucbatından özünü göldə boğan atasını erkən yaşlarında itirib. Aleksandr “kommunizmi əhalinin özbaşına fəaliyyətində” axtarmağa yollanarkən inqilabın səyyar cəngavəri, Dulsineyası Roza Lüksemburq olan yeni Don Kixot – Stepan Kopenkinlə rastlaşır.