Xəbər verdiyimiz kimi, 8-11 oktyabr tarixlərində Azərbaycan III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan festivalın tədbirləri Bakı və Şuşa şəhərlərində keçiriləcək.
III “Korkut Ata” Türk Dünyası Film Festivalının açılış mərasimi 8 oktyabrda Bakıda, Heydər Əliyev Mərkəzində olacaq. Festivalın bağlanış mərasimi də oktyabrın 11-də bu məkanda gerçəkləşəcək.
Festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan, eləcə də Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və Başqırdıstandan (Rusiya Federasiyası), həmçinin azsaylı türk xalqlarından ümumikdə 40-a yaxın bədii, sənədli və animasiya filmi tədqim olunub.
Filmlər 9-11 oktyabrda Nizami Kino Mərkəzində nümayiş olunacaq. Giriş sərbəstdir.
İlk dəfə 2021-ci ildə Türkiyənin İstanbul şəhərində, ötən il isə qardaş ölkənin Bursa şəhərində keçirilən festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq türk xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir.
Festivalda türk respublikalarından rəsmilər, Türk dünyasının kino xadimləri – ümumilikdə 100-dən çox qonağın iştirakı gözlənilir.
Festival çərçivəsində türk dövlətləri kinematoqrafçılarının TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə tanışlıq səfəri və Bakı şəhərində zirvə toplantısının keçirilməsi nəzərdə tutulur.
Filmlərin Nizami Kino Mərkəzində nümayiş proqramı bu linkdə: https://culture.gov.az/medias/media/other/964/program.pdf