Ölkəmizdə III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilir
Ölkəmiz daha bir böyük beynəlxalq tədbirə – III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edir. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşır.
Türk dünyasının dörd bir yanından kino xadimlərinin qatıldığı festivalın açılış mərasimi oktyabrın 8-də Heydər Əliyev Mərkəzində keçirildi.
Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, qardaş ölkələrin iştirakı ilə ortaq audiovizual məkan yaradılaraq xalqlarımızın bu məkana inteqrasiyasına töhfə vermək məqsədilə bu il üçüncü dəfə keçirilən “Korkut Ata” festivalı ildən-ilə öz auditoriyasını, sənət üfüqlərini genişləndirir. İlk festival 2021-ci ildən Türkiyənin İstanbul şəhərində, ikincisi isə ötən il qardaş ölkənin Bursa şəhərində keçirilib.
Festivalda Türk dünyasının tanınmış sənət adamları ilə yanaşı, rəsmi şəxslər də təşrif buyurub. Ümumilikdə isə kino bayramında türk xalqlarının kinematoqrafçılarından ibarət 100-dən çox qonaq iştirak edir.
Açılış mərasimində Azərbaycan kinosunun türklərin böyük söz-mədəniyyət abidəsi “Kitabi-Dədə Qorqud” mövzusunda öz ənənələrinin olduğu ayrıca qeyd olundu. Bildirildi ki, Xalq yazıçısı Anarın ssenarisi əsasında 1975-ci ildə ekranlaşdırılan “Dədə Qorqud” bədii filmi Azərbaycanda istehsal olunan ilk ikiseriyalı filmdir. Ekran əsərində əsasən eposun iki boyundan istifadə edilib.
Xalqın özünü dərk etməsində, milli köklərə daha möhkəm bağlanmasında folklorun əvəzsiz rol oynadığını nəzərə alan Ulu öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin keçirilməsi haqqında 1997-ci ildə imzaladığı fərman da yada salındı.
Türk dünyasının birliyini əks etdirən videoçarxın nümayişindən sonra çıxış edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov festivalın məqsədləri barədə söz açdı, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür etdi, uğurlar arzuladı. Türk xalqlarının ortaq mədəni dəyərlərinin təbliğində kinonun mühüm rol oynayacağını bildirən nazir müavini festivalın bu prosesə öz müsbət təsirini göstərəcəyini bildirdi.
Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyev türk dövlətləri arasında əlaqələrin qurulması və inkişafındakı müstəsna rol oynayıb. Hazırda bu istiqamətdə mühüm işlər görülür.
Nazir müavini türk respublikalarının ortaq film istehsalına, maraqlı kino ideyalarının reallaşacağından əminliyini ifadə etdi. Dedi ki, festival xalqlarımız arasında əlaqələrin, həmrəyliyin daha da möhkləmləndirilməsinə, eyni zamanda ortaq dəyərlərimizin mühafizəsi və təbliği baxımından xüsusi önəm kəsb edəcəyini dilə gətirdi.
TÜRKSOY-un baş katibinin müavini Sait Yusuf festivalın əhəmiyyətini yüksək qiymətləndirdi, təşkilatın rəhbərliyi adından tədbirin işinə uğurlar arzuladı. Dedi ki, bu kimi tədbirlər kino sahəsində əməkdaşlığa töhfələr verəcək. Qədim türk mədəniyyəti və milli dəyərlərinin, ortaq xüsusiyyətlərinin kino vasitəsilə təbliği üçün bu qəbildən müştərək layihələrin həyata keçirilməsi önəmlidir: “Bədii filmlər və televiziya serialları nəinki türkdilli ölkələrdə, eyni zamanda dünyanın dörd bir yanında tamaşaçı kütləsinə sahibdir. Bu məqam təbliğat üçün imkanların genişlənməsi deməkdir. Bu kontekstdə ortaq ünsiyyət dili artıq zərurətə çevrilib”.
“Korkut Ata” festivalının direktoru, kino tənqidçisi İhsan Kabil (Türkiyə) türk dünyası ölkələrində tarixi bədii, sənədli filmlərə daha çox ehtiyac yarandığını dilə gətirdi, festivalın işinə uğurlar arzuladı.
Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev türk xalqları arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr, Azərbaycanın zəngin mədəni irsi, kino ənənələri barədə məlumat verdi, yaxın keçmişə nəzər salaraq zəngin əlaqə və əməkdaşlığın yeni və çoxşaxəli istiqamətləri üçün bazanın olduğunu dedi. O, Azərbaycanın tanınmış kino xadimi Əjdər İbrahimovun Türk dünyasında kino sahəsinin inkişafına mühüm töhfələr verdiyini dilə gətirdi.
Çıxışlardan sonra festivalın müsabiqə proqramından kənar türkiyəli rejissor Harun Korkmazın “Kıspet” adlı qısametrajlı bədii filmi nümayiş olundu.
Atasının yolunu davam etdirib yağlı güləş pəhləvanı olmaq istəyən Həmzənin həyat hekayəsi olan nümunə izləyicilər tərəfindən maraqla qarşılandı.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filminin təqdim olunduğu zəngin festival proqramına daxil olan bu nümunələr oktyabrın 9-dan 11-dək Nizami Kino Mərkəzində nümayiş etdiriləcək. Seanslara giriş sərbəstdir.
Həmidə Rüstəmova