Rəsul Həmzətovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib

 

Bu il Dağıstan xalqının böyük oğlu, şair, yazıçı, ictimai xadim Rəsul Həmzətovun (1923-2003) 100 illik yubileyi Azərbaycanda da qeyd edilir. Dağıstanın Xalq şairi Rəsul Həmzətovun  Azərbaycan ədibləri ilə də sıx dostluq münasibətləri olub. O, dəfələrlə respublikamıza səfər edib, Azərbaycan xalqına, zəngin ədəbiyyatımıza rəğbətini nümayiş etdirib. Rəsul Həmzətov şeirlərində xalqlarımızın dostluğunu tərənnüm edib. O, Azərbaycanın Xalq şairi Səməd Vurğunu özünün böyük yoldaşı və müəllimi adlandırırdı.

Oktyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Rəsul Həmzətovun 100 illiyinə həsr edilmiş konsert keçirilib. Tədbir Rusiya Federasiyası Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıdakı Rus Evi tərəfindən təşkil olunub.

Konsert proqramında çıxış edən artistlər arasında Dağıstan Dövlət Filarmoniyasının solisti Xirindu Sultanova, Azərbaycanın Xalq artisti Lyudmila Duxovnaya, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Firuz Məmmədov, Akademik Opera və Balet Teatrının solisti Yefim Zavalnı, “O2” teatrının aktyoru Yevgeni Maksimov və başqaları olublar.

Konsert proqramının müəllifi və aparıcısı Bakıdakı Rus Evinin mədəniyyət layihələrinin kuratoru, “Görüş yeri Bakıdır” festivalının vitse-prezidenti Vəfa Qavrilova olub.

Tamaşaçılar BMM-in foyesində Rəsul Həmzətovun 100 illiyi münasibətilə təşkil olunmuş fotosərgiyə də baxıblar.