QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin həyata keçirdiyi “Kəlağayı əlvan qıyqacı” layihəsi çərçivəsində Qazax şəhərindəki Ədəbiyyat muzeyində ədəbi-bədii gecə təşkil edilib.
İctimai birliyin sədri şair-publisist Güllü Eldar Tomarlı çıxış edərək layihə haqqında məlumat verib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Azərbaycan Yazıçılar Birliyi Qazax zona şöbəsinin sədri Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, ictimai birliyin sədr müavini Vüsal Sehranoğlu və digərləri çıxış ediblər. Bildirilib ki, layihə kəlağayının xüsusilə gənclər arasında populyarlığının artmasına, bu sənətin təbliğinə xidmət edəcək.
Ədəbi-bədii gecədə gənc aşıqların ifaları səslənib.
Layihə çərçivəsində Bakı, Şəki və İsmayıllıda da kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin keçirilməsi və kəlağayı haqqında kitabın nəşri nəzərdə tutulub.