Azərbaycan ədəbiyyatına ruhən bağlı olan, nailiyyətlərinə sevinən oxucular arasında elə bir nəfər tapmaq olmaz ki, Əhməd Cəmilin şeriyyətinə biganə qalsın. O, poeziyamızda süjetli lirikanın tanınmış nümayəndələrindəndir. Gənclik illəri qanlı-qadalı II Dünya müharibəsi dövrünə təsadüf edib, Krım cəbhəsində, Şimali Qafqaz uğrunda gedən döyüşlər zamanı “Hücum”, “Döyüş zərbəsi”, “Vətən uğrunda irəli” qəzetlərinin redaksiyalarında çalışıb. Ön xətdə igidlik göstərən azərbaycanlı əsgərlərin cəsarətinin şahidi olub. Onların duyğu və düşüncələrini şeir dilinə çevirib, yeni-yeni qələbələrə ruhlandırıb.
Əhməd Cəmil yaradıcılıq axtarışlarında olub, daim söz boğçasını zənginləşdirib.
Dövrün ədəbi mübahisələrindən kənarda qalmağa çalışan şair Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1944-1948) vəzifəsində işləyib. Sonra “Azərbaycan” və “Ulduz” jurnallarının baş redaktoru olub. Bu il görkəmli şairin anadan olmasının 110 illiyidir.
Əhməd Səttar oğlu Cəmilzadə 20 oktyabr 1913-cü ildə İrəvan şəhərində sənətkar ailəsində dünyaya göz açıb. Dörd yaşı olanda atasını itirir. Bir müddət sonra ailə Gəncə şəhərinə köçür. Əhmədin uşaqlıq və gənclik illəri bu şəhərdə keçir. Erkən çağlardan poeziyaya maraq göstərən Əhmədin hələ orta məktəb illərində “Gözəl Qafqaz” adlı ilk şeiri “Qızıl Gəncə” jurnalında dərc olunur. Daha sonra “Dünyanın gözəlliyi”, “Şübhə”, “Xatirə”, “Yadigar”, “Qoca aşıq”, “Xoşbəxt uşaqlar” adlı şeirləri mətbuatda işıq üzü görür.
Orta məktəbi bitirdikdən sonra Pedaqoji İnstituta qəbul olunur. Təhsilini başa vurub Şəmkir və Gəncədə müəllim işləyir. Yeddiillik pedaqoji fəaliyyəti dövründə yaradıcılığını da davam etdirir. 1940-cı ildə Bakıya köçür. Taleyini əbədi olaraq bu şəhərlə bağlayır. Yaradıcılıq üfüqləri daha da genişlənir.
Xalq şairi Səməd Vurğun onun yaradıcılığını yüksək dəyərləndirir: “Mən şair Əhməd Cəmilin çaldığı şeir rübabını dinləyirəm. Bu rübabın tellərindən qopan zərif və mənalı nəğmələr nə qədər dadlı və təbiidir. Bunlar saf dağ çeşmələri kimi şırıl-şırıl axır və ilk baharın gülləri kimi ətir saçır. Bu nəğmələrdə bir qəlbin, həm də həqiqi bir şair qəlbinin çırpıntıları səslənir! Mən həqiqi şair dedim. Bu, həqiqi ilham deməkdir. Əsl ilham könüllər yolçusu, könüllər aşiqi olan bir şairin hünəridir”.
Əhməd Cəmilin yaradıcılığında II Dünya müharibəsinin ağır nəticələri, eləcə də Vətən övladlarının qəhrəmanlığı yüksək poetik dillə tərənnüm olunur. Şairin bu dövr yaradıcılığında daha çox diqqətçəkən “Can nənə, bir nağıl de” şeiridir. Bu əsər XX əsr Azərbaycan poeziyasında süjetli lirikanın ən gözəl nümunələrindən hesab olunur:
– Ay nənə, bir nağıl de!
– Ömrüm-günüm, yat daha.
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
– Can nənə, de birini də.
– Ağrın alım, sözə bax.
Evimizdə səndən savay,
Gör heç varmı bir oyaq?
Şeirə diqqətlə nəzər yetirdikdə müharibə illərinin adi bir lövhəsini görürsən. Gözünün qarşısında atasız qalan, hər gün atasını xəbər alan uşağın əhval-ruhiyyəsi canlanır. Şeir haqqında vaxtilə bir çox fikir söylənilib. Görkəmli yazıçı, tənqidçi Mehdi Hüseynin fikirləri isə çox maraqlıdır: “Bu əsərin gözəlliyini duymaq üçün onu başdan-ayağa diqqətlə oxumaq lazımdır. Bu şeirdə hər şey yenidir: Məzmun da, ideya və forma da. “Can nənə, bir nağıl de” hər şeydən əvvəl həyatımızın ən tipik bir hadisəsindən bəhs edir. Şair bu hadisəni bəzəmir, “romantikləşdirmir”, amma əsər gözəl rayihəli bir romantika ilə nəfəs alır. Burada lirika da var, xəfif bir kədər və bahar ətri verən bir sevinc də”.
Əhməd Cəmil, sözün həqiqi mənasında, hisslər, duyğular şairi olub:
Ocaq sönür, yel əsir, yağış döyür səngəri.
Yenə düşür yadıma ömrün ötən günləri.
Hanı, hanı deyirəm, o dilimin əzbəri,
İlk görüş, son ayrılıq xatirində qalırmı,
Görəsən, o gözəl qız məni yada salırmı?
Onun “Kənd xatirələri” silsiləsindən olan “Əmrahın anası” şeirindəki Hicran xala müharibədə həlak olan bir igidin anasıdır. Nəvəsi ilə bir yerdə yaşayır. Əsərdə göstərilir ki, yolçular su üçün onun evinə dönürlər. Qadın yolçularla söhbətində çox mehribanlıq göstərir. Əri haqda bir kiçik hekayət danışır:
Hər gün çöldən gələr yorulmuş, xəstə,
Ləklərə su açar, fikrə gedərdi.
Oturub həyətdə bu taxtın üstdə
Gecə çubuğunu tüstülədərdi.
Şair ananın kiçik nəvəsindən də söz salır:
Əmrahdan nişanə odur, bilirsən,
Adı Nüşabədir, noğul deyirəm.
Oğul əvəzidir! Hərdən görürsən,
Huşum dağılanda oğul deyirəm...
Ə.Cəmil bədii irsi ilə tanış olarkən hiss edirsən ki, şair dövrünün “ənənəvi” mövzularından da yan keçmə bilməyib. Şairin bənzərsiz yaradıcılığında çeşidli mövzular da rast gəlinir. “Bu gecə Nəsimi gəlmişdi bizə”, “Təbrizdə”, “Səməd Behrəngi”, “Ancela Devisə”, “Zəncilər məhəlləsi”, “Kuba vətənpərvərləri”, “Konqo” və s. şeirlər buna misal ola bilər.
O, ədəbi yaradıcılıqla bərabər, tərcüməyə də vaxt ayırıb. Müxtəlif illərdə Viktor Hüqo, Nikolay Nekrasov, İvan Franko və Konstantin Simonovdan tərcümələr edib. Ən maraqlı tərcümələrindən biri dahi alman şairi Hötenin “Faust” əsəridir. Belə deyirlər ki, bu tərcüməyə səbəb Hötenin Şərq xalqlarının ədəbiyyatına vurğunluğu olub. Məlumdur ki, Höte Şərq ədəbiyyatını yüksək qiymətləndirib, “Qərb-Şərq divanı” adlı şeirlər məcmuəsini yaradıb. Əhməd Cəmil ona ehtiram əlaməti olaraq “Faust”dan tərcümələr edib.
Görkəmli şair 24 sentyabr 1977-ci ildə Bakıda haqq dünyasına qovuşub.
Savalan Fərəcov