Azərbaycan 8-11 oktyabr tarixlərində III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edir.

Oktyabrın 8-də Heydər Əliyev Mərkəzində festivalın açılışına toplaşanlar Azərbaycan kino sənəti barədə ümumi təəssürat yaradan sərgi ilə də tanış oldular. Sərgidə müxtəlif illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal prosesində istifadə edilmiş kinokameralar, ən çox sevilən filmlərin afişaları, kino qəhrəmanlarının geyimləri manekenlər üzərində nümayiş olunurdu.

Afişaların arasında ən qədimi 1934-cü ildə çəkilmiş “İsmət” filminə məxsusdur. Ən son afişa isə “Şusa, sən azadsan!” filminin (2021) posteridir.

Maraqlıdır ki, ötən illərin kinoafişalarını izlədikdə ümumilikdə Azərbaycanda qrafika sənətinin hansı dəyişikliklərə uğradığını da görmək olur. Məsələn, “İsmət” filminin afişası təkcə mətndən ibarətdirsə, ötən əsrin 50-60-cı illərinə aid filmlərin (“Kölgələr sürünür”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Dəli Kür”, “Bizim Cəbiş müəllim” və s.) afişalarında filmin baş qəhrəmanları məhz filmin hər hansı epizodunun fonunda rəssam fırçası ilə, demək olar ki, fotoqrafik dəqiqliklə təsvir olunub. Onların sırasında “Görüş” və “Əhməd haradadır?” filmlərinin afişaları qəhrəmanların bir qədər karikatur təsviri ilə seçilir ki, bu da yəqin həmin bədii lentlərin janr xüsusiyyəti ilə bağlıdır. Yaxud 80-ci illərin filmlərinin (“Yaramaz”, “Bəyin oğurlanması” və s.) afişaları konkret epizoda bağlanmayan, müstəqil rəssam işidir.

“Şuşa, sən azadsan!”, “Sonuncu iclas”, “Əbədi ezamiyyət”,  “Sonuncu”, “Mərmər soyuğu” kimi son illərin filmlərinin təqdimatı kompüter qrafikasında işlənmiş, filmdəki real epizodların standart mətni tamamladığı maraqlı afişalardır.

Sevimli film qəhrəmanlarının geyimlərinin nümayişinə gəlincə, onu deyə bilərik ki, bu sırada ən yaşlı geyim “Uzaq sahillərdə” filmindən Mixaylonun faşist zabiti qiyafəsi və “Sehrli xalat” filmindən Münəccimin libası idi. “Qayınana”, “Babək”, “Hökmdarın taleyi”, “Cavad xan”, “Sübhün səfiri” filmlərində əsər qəhrəmanlarının geyimləri təkcə geyim üzrə rəssamın deyil, həm də dərzilərin əməyini qiymətləndirmək baxımından diqqəti cəlb edirdi.

Azərbaycan filmlərinin afişaları və geyimlərinin sərgisini gələcəkdə sadəcə bir festival və forum çərçivəsində deyil, daimi sərgi kimi daha geniş seyrçi auditoriyasına təqdim etməyə dəyər.

G.Mirməmməd