Prezident: “Əgər biz buna nail olsaq, Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq”
Keçən il bu vaxt da biz Sizi Gürcüstanda qəbul edirdik. Bir neçə ay bundan əvvəl mən Qəbələdə səfərdə idim. Bir neçə aydan sonra Azərbaycana növbəti səfərə gələcəyəm. Mən çox şadam ki, səfərlərimiz tez-tez həyata keçir.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu sözləri oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdən sonra mətbuata bəyanatında deyib.
İrakli Qaribaşvili vurğulayıb ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir: “Bizim ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində onun böyük xidmətləri var...”.
Baş nazir görüşdə iki ölkə arasında iqtisadi əlaqələr, qarşılıqlı ticarət, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın nəzərdən keçirildiyini deyib. Bildirib ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir və hər il ilk beşlikdə yer alır. İki ölkənin dəmir yolları sahəsində əməkdaşlığı da uğurla davam edir: “Biz Orta Dəhliz layihəsinin inkişaf perspektivlərini nəzərdən keçirdik. Bildiyiniz kimi, biz işlərimizi Azərbaycanla və Qazaxıstanla əlaqələndiririk ki, bu layihə ən səmərəli şəkildə icra edilsin. Buraya dəmir yollarının müasirləşdirilməsi, limanların inşası və genişləndirilməsi, avtomobil yollarının inkişafı və müasirləşdirilməsi daxildir. Bilirəm ki, Azərbaycan da bu istiqamətdə genişmiqyaslı işlərə başlayıb... Beləliklə, bizim aydın perspektivlərimiz və uzaqgörən baxışımız var. Biz Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlıq və dostluq arzu edirik və mən bizim birgə baxışımıza inanıram”.
İrakli Qaribaşvili görüşdə regional və qlobal təhlükəsizlik məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb: “Mən bir daha cənab Prezidentə bildirdim ki, biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz Azərbaycana da təşəkkürümüzü bildiririk ki, Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Onu da qeyd etdik ki, bizim böyük ümidlərimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq. Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür. Ümidvarıq ki, bu bölgədə sülh davamlı olacaqdır və ölkələrimizin firavanlığına xidmət edəcəkdir, həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün...”.
Prezident İlham Əliyev də mətbuata bəyanatında iki ölkə və xalq arasında dostluq əlaqələrinin əhəmiyyətini vurğulayıb: “Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir”.
Prezident Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin xatirəsinə Gürcüstan hökuməti və xalqı tərəfindən göstərilən hörmətə görə Baş nazir İrakli Qaribaşviliyə təşəkkürünü bildirib. Bu il ilboyu Azərbaycanda, bir çox ölkələrdə, o cümlədən Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd edilir. Bu gün Tbilisidə təşkil olunan fotosərgi də belə tədbirlərdən biridir. “Burada nümayiş etdirilən sərgidə bir şəkil diqqətimizi daha çox cəlb etdi, Heydər Əliyev və Eduard Şevardnadzenin şəklidir. Onların dostluğunun çox böyük tarixçəsi var. Sovet dövründə onlar bir-birilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır... Biz – onların davamçıları, bu gün onların yolu ilə gedirik. Təbii ki, bu gün Gürcüstan və Azərbaycan qat-qat daha inkişaf etmiş ölkələrdir...”.
Ermənistan-Azərbaycan normallaşma prosesi Gürcüstanda davam edə bilər
İlham Əliyev vurğulayıb ki, bu gün iki ölkə qarşısında mühüm çağırışlar var, ümumilikdə Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb: “Biz bu gün, eyni zamanda, Ermənistan-Azərbaycan normallaşma prosesinə də toxunduq. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə biz Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, – mən buna ümidliyəm, – o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür. Sadəcə olaraq, biz bundan məhrum idik, ona görə ki, Azərbaycan ərazilərinin bir hissəsi uzun illər işğal altında idi və təbii ki, bu vəziyyət imkan vermirdi ki, normallaşmaya doğru addımlar atılsın. İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar”.
Prezident qeyd edib ki, hazırda bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar: “Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər...”.
***
İlham Əliyev və İrakli Qaribaşvili oktyabrın 8-də Tbilisidə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “The Architect of Prosperity” – “Firavanlığın memarı” adlı fotosərgi ilə də tanış olublar.
Dövlətimizin başçısına və Gürcüstanın Baş nazirinə sərgi ilə bağlı məlumat verilib. Sərgidə Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, gənclərlə görüşlərini əks etdirən fotolar yer alıb. Ekspozisiyanın Azərbaycan-Gürcüstan münasibətlərinə həsr edilmiş guşəsində Heydər Əliyevin Gürcüstanın sabiq dövlət başçısı Eduard Şevardnadze ilə görüşlərindən də fotoşəkillər nümayiş olunur.