Xəbər verdiyimiz kimi, 6-10 oktyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə MDB ölkələrinin yeniyetmə və gəncləri (10-25 yaş) arasında XVII Delfi Oyunları keçirilib. Azərbaycan da ənənəvi olaraq bu oyunlarda təmsil edilib.
Musiqi (oxuma və instrumental ifaçılıq), rəqs, təsviri sənət, bədii sənətkarlıq kimi sahələri əhatə edən oyunlar milli mədəniyyətin qorunub saxlanılması və inkişafına kömək edilməsi, mədəniyyətlərarası dialoqun, MDB ölkələrinin gənclərinin, yaradıcı ziyalıların və tədris müəssisələrinin əməkdaşlığını təşviq məqsədilə keçirilir.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu il ölkəmizdən 15 nəfərdən ibarət heyət Qırğızıstan paytaxtındakı Delfi oyunlarında iştirak edib.
Oyunlarda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əməkdar artist Əziz Qarayusifli “nəfəs alətləri” nominasiyası üzrə münsiflər heyətinin sədri olub.
“Xalq çalğı alətləri” nominasiyası üzrə Azərbaycan Milli Konservatoriyasının tələbəsi Solmaz Rəhimova (qanun) II yerə, “Buta” ansamblı (Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Şahanə Əhmədsoy (qanun) və Nazənin Məmmədli (kamança)) III yerə, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Hüseyn Nağıyev (kamança) diploma layiq görülüblər.
“Nəfəs alətləri” nominasiyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Hüseyn Gözəlov (klarnet) III yeri tutub. “Fortepiano” nominasiyası üzrə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Ayaz Salahov, Bakı Musiqi Akademiyasının məzunu, Prezident təqaüdçüsü Emil Əhmədzadə diplomant adını qazanıb.
Mərkəzi İncəsənət Məktəbinin konsertmeysterləri Sevinc Kərimova və Nigar Heydərli XVII Delfi oyunlarında iştirakçıları müşayiətə görə sertifikatla təltif ediliblər.
Dosent Əziz Qarayusifli Bişkek şəhərində kollec və konservatoriyanın tələbələrinə klarnet ixtisası üzrə ustad dərsi keçib.
Qeyd edək ki, incəsənət bacarıqları sahəsində gənclərin yarışması – Delfi oyunlarının tarixi qədim Yunanıstana gedib çıxır. Bu oyunlar ilk dəfə e.ə. 582-ci ildə Delfi şəhərində təşkil olunub və o dövrdə Olimpiya oyunlarından sonra ikinci nüfuzlu yarışma sayılıb. Yeni tarixdə bu oyunlar beynəlxalq miqyası ilə 1927-ci ildə yenə Yunanıstanda bərpa olunub, amma bir neçə ildən sonra (Avropada müharibənin başlaması ilə) dayandırılıb. Ən son olaraq Delfi oyunları 2000-ci illərdə Rusiyanın təşəbbüsü ilə dirçəldilib, bir neçə dəfə beynəlxalq, daha sonra isə yalnız MDB miqyaslı yarış kimi keçirilməyə başlanıb. Beynəlxalq Delfi Komitəsinin qərargahı Moskvadadır.