Azərbaycan UNESCO-nun prioritet və proqramlarının səmərəli şəkildə həyata keçirilməsinə böyük önəm verir. Ölkəmiz UNESCO və ona üzv dövlətlərlə açıq, şəffaf və inklüziv şəkildə işləməkdə qətiyyətlidir.
Azərbaycan mədəniyyətlərarası dialoq, eləcə də irqçilik və ayrı-seçkiliklə mübarizə sahəsində təşkilatın irəli sürdüyü təşəbbüsləri fəal şəkildə dəstəkləyir, “Bakı Prosesi” və “Mədəniyyət naminə sülh” kimi qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlər və dinlər arasında dialoqu ardıcıl olaraq təşviq edir.
Bu fikirlər UNESCO İcraiyyə Şurasının 217-ci sessiyasında Azərbaycan adından təqdim edilən milli bəyanatda yer alıb. Bəyanatı ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev oxuyub.
Bildirilib ki, Azərbaycan öz milli imkanları daxilində və Qoşulmama Hərəkatının sədri kimi sülh, təhlükəsizlik və Qlobal Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməkdə davam edir, beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir. Ancaq regionda hələ də mövcud olan irqçilik, ayrı-seçkilik və bununla bağlı dözümsüzlük kimi təhlükəli tendensiyalar narahatlıq doğurur.
Ermənistan 30 illik hərbi təcavüz zamanı Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsi tamamilə dağıdıb, talan edib və vandalizmə məruz qoyub. Tarixi abidələr, məscidlər, məbədlər, məqbərələr, muzeylər, eksponatlar, sənət qalereyaları, arxeoloji abidələr və kitabxanalar kimi mədəni sərvətlər vəhşicəsinə talan olunaraq yerlə yeksan edilib.
Ermənistanda da Azərbaycan xalqının mədəni irsinin dağıdılması, talan edilməsi və mənimsənilməsi üzrə sistemli siyasət həyata keçirilib, vaxtilə yaşadıqları İrəvan, Qərbi Zəngəzur, Vedi, Nüvədi, Göyçə və digər tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların izləri tamamilə silinib.
Rəsmi Bakının, yerli QHT-lərin və Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərin narahatlığını ifadə edən və bu ölkədə mövcud vəziyyəti qiymətləndirmək üçün UNESCO-nun baş direktoruna faktaraşdırıcı missiya göndərməklə bağlı müraciət etdiyi bir daha diqqətə çatdırılıb.
Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin ləğvi, qeyri-qanuni silahlı birləşmələrin tərk-silah edilməsi, bölgəyə bu günlərdə BMT missiyasının gəlməsi və mülki ictimai infrastruktura, mədəni və dini məkanlara heç bir ziyanın dəymədiyinin təsbit edilməsi, yerli erməni sakinlərin reinteqrasiyası prosesi, bunun üçün xüsusi portalın yaradılması, Azərbaycanın Ermənistanla normallaşma planı barədə də məlumat verilib.
Eyni zamanda qeyd olunub ki, Azərbaycan və Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və iki suveren dövlət kimi sülh şəraitində birgə yaşamaq üçün tarixi imkan var.