Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov Rabatda İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşüb.

Səfirlikdən bildirilib ki, görüş zamanı baş direktorun Bakıya son səfəri, eləcə də təşkilatla Azərbaycan arasında mövcud tərəfdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə edilib.

ICESCO-nun baş direktoru Azərbaycan Prezidenti İlham Əliyevə təşkilata göstərdiyi böyük dəstəyə görə dərin minnətdarlığını ifadə edib. O, oktyabrın 2-də Bakıda olarkən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da iştirak etdiyi görüşə və səmimi qəbula görə də ölkə başçısına təşəkkürünü bildirib.

Baş direktor səfər zamanı Azərbaycanın dövlət rəsmiləri, o cümlədən xarici işlər naziri, mədəniyyət naziri, təhsil naziri, gənclər və idman naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri ilə məhsuldar görüşlər keçirdiyini qeyd edib.

Görüşdə Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və bu çərçivədə ICESCO-nun əməkdaşlığı ilə keçiriləcək tədbir və fəaliyyətlərə dair fikir mübadiləsi aparılıb.