“Amerikanın təyyarə gəmisinin burada nə işi var?”

 

Türkiyə olaraq bölgəmizi düşdüyü mövcud vəziyyətdən tez bir zamanda çıxarmaq üçün istər vasitəçilik, istərsə də ədalətli yanaşma ilə əlimizdən gələni etməyə hazırıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Ərdoğan qeyd edib ki, Fələstin məsələsinin həll olunmamasının səbəblərindən biri də beynəlxalq qurumlar tərəfindən verilən vədlərin heç birinin yerinə yetirilməməsidir.

Bildirib ki, Türkiyə etnik mənşə, inanc və məzhəb fərqləri, siyasi və sosial maraqların toqquşması baxımından dünyanın ən kövrək bölgəsində yerləşir. “Tariximizi, coğrafiyamızı, bütün bu amillərin bizə qoyduğu taleyi dəyişdirə bilmədiyimizə və belə bir niyyətimizin də olmadığına görə, mövcud şərtlərin imkan verdiyi ən yaxşı, ən doğru və ən təhlükəsiz yolla getməyimiz zəruridir. Rusiya-Ukrayna qarşıdurmasından Qafqazdakı münaqişələrə, Balkanlardakı gərginliklərdən Aralıq dənizindəki gərginliyə qədər ətrafımızda baş verən bütün hadisələri bu anlayışla qiymətləndiririk. Fələstin və İsrail ərazilərində baş verən son hadisələri də bu yanaşma ilə izləyirik. Həm terrorizmə qarşı öz mübarizəmiz, həm də regionumuzdakı bütün müharibə və münaqişələrə münasibətimiz tamamilə aşkardır”, – deyə Ərdoğan vurğulayıb.

Baş verənlərlə bağlı obyektiv mövqe sərgiləməyin vacibliyini qeyd edən Türkiyə rəhbəri İsrail və Fələstində baş verən münaqişənin yaxın zamanda bitəcəyinə inanmadığını bildirib. O, həmçinin ABŞ-nin İsrailə dəstək olaraq regiona təyyarə gəmiləri göndərməsinin yanlış addım olduğunu deyib: “Amerikanın təyyarə gəmisinin burada nə işi var? Nəyə gəlir?...”.

ABŞ administrasiyası isə İsrailin blokadaya aldığı Qəzza zolağındakı dinc sakinlərin Misirə təxliyə edilməsi üzərində çalışır. Vaşinqton təxliyə məsələsini digər ölkələrin nümayəndələri ilə müzakirə edir. Qəzza zolağında 2 milyona yaxın insan yaşayır və məlumatlara görə, İsrail ordusunun davam edən bombardmanları nəticəsində artıq 200 mindən çox insan ev-eşiyindən olub.

Bu arada HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu nəticəsində ölənlərin sayının 1300-ə çatdığı bildirilir. İsrailin cavab əməliyyatı zamanı Qəzza zolağında ölən fələstinlilərin sayı da təxminən bir o qədərdir.