Oktyabrın 11-də, III “Korkut Ata” Türk Dünyası Film Festivalının sonuncu günü Özbəkistan kinematoqrafçılarının iki filmi nümayiş olundu: biri sənədli, digəri bədii. Nizami Kino Mərkəzində göstərilən hər iki ekran əsəri festivalın müsabiqə proqramına daxil idi.

“Meninq doiram” sənədli filmi Azərbaycan dilində “Mənim dairəm” kimi qeyd edilsə də, ilk kadrlardan məlum oldu ki, söhbət qədim dulusçuluq sənətindən gedir. Və dillərimiz nə qədər yaxın olsalar da, Azərbaycan dilində saxsı qabların düzəldildiyi alət dairə yox, çarx adlanır...

27 dəqiqə davam edən filmdə Özbəkistanın sənətkarlar şəhəri kimi şöhrət qazanmış Riştan sakinlərinin minilliklər boyu yaşatdığı dulusçuluq sənətindən bəhs edilir. Romantik-poetik ruhlu filmdə şəhərin qocaman dulusçuları öz sənətlərinə vurğunluqla dolu fikirlərini bölüşür, sənətin sirrlərini açıqlayırlar.

Bir-birinə poetik keçidlərlə (fonda Ömər Xəyyamın saxsı qablara istinad etdiyi rübailəri səslənir) bağlanan epizodlar tamaşaçıya Riştan dulusçularının gil yoğurmaqdan ta şirli qablara ənənəvi naxışları çəkənədək keçdikləri mərhələləri açır. Baxdıqca qədim sənəti yaşadan, onu gənc nəslə öyrədən ustaların işgüzarlığına, istedadına, forma və rəng duyumuna heyran qalırsan...

Filmin rejissoru Şöhrət Mahmudov və onun həyat yoldaşı ssenari müəllifi Razika Mergenbayeva da festivala təşrif buyurmuşdular. Filmin nümayişindən sonra onlarla söhbət edirik.

 

– “Korkut Ata” festivalında Riştan şəhərinə şöhrət gətirən dulusçuluq sənəti barədə filmi maraqla izlədik. Bu filmin ideyası necə yarandı?

Şöhrət Mahmudov:

– Əgər fikir verdinizsə, filmdə sənədli xronikadan istifadə edilib. Filmin qəhrəmanları olan yaşlı ustaların cavan yaşda çalışmaları həmin lentlərdə görünür.

 

– Bəli, ağ-qara lentlərdən istifadə olunub.

– Həmin ustalar mən otuz il əvvəl Riştan dulusçuluq sənətinin qorunması, fabrik istehsalının əsl sənətkarlıq nümunələrini kölgədə qoymasına etiraz olaraq çəkdiyim başqa bir sənədli filmin qəhrəmanlarıdır. Həmin tarixi ağ-qara lentlər o dövrün yadigarıdır.

 

– Bəs bu gün vəziyyət necədir?

– Özbəkistan Prezidentinin sərəncamı ilə Riştanda, demək olar ki, keramika şəhərciyi yaradılıb.

Bu yerdə Razika xanım söhbətə qoşulur:

– Ustalar öz sənətləri ilə daha rahat, ruh yüksəkliyi ilə məşğul olsunlar deyə onları vergidən azad ediblər. Riştan keramika sənəti hazırda yüksəliş dövründədir.

Şöhrət Mahmudov fikirlərini davam etdirir:

– Cəmi bir neçə nəfər uzun illər yorulmadan Riştan dulusçuluq ənənələrini qoruyub yaşada bilib. Mənim üçün bu filmdə vacib olan məqam bu idi ki, standart fabrik istehsalı ilə sənətkar işi arasındakı fərqi göstərə bilim.

 

– Şöhrət bəy, “Mənim dairəm” sizin sayca neçənci filminizdir?

– Düzü, saymamışam… Təxminən yüz olar… (gülür)

 

– Yəqin xeyli festivalda iştirak etmisiniz?

– Özünü tərif kimi çıxmasın. Müəllifi olduğumuz filmlər indiyədək beynəlxalq müsabiqələrdə altmışdan çox mükafat qazanıb.

 

– Ümidvarıq ki, ilk dəfə müsabiqəyə qatılan “Mənim dairəm” də bu festivaldan mükafatsız qayıtmayacaq.

–- Bilirsiniz, bu filmi çəkməkdə bizim məqsədimiz qədim Riştan dulusçuluq sənəti barədə danışmaq, onu yaşadanları tanıtmaq idi. Mükafat olsa da, olar, olmasa da.

***

Axşam III “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimində münsiflər heyətinin qərarı açıqlandı: “Mənim dairəm” (Özbəkistan) “Ən yaxşı sənədli film” nominasiyasında III mükafata layiq görüldü...

G.Mirməmməd