Yaxud yaddaşını itirmək səadətində

 

İnsan keçmişini nə vaxt unudur, daha doğrusu, unutmaq istəyir? Yəqin ki, o keçmiş ona əzab verəndə, nəfəsini kəsib yaşamağına mane olanda. Ağrıyır, adamın bütün duyğuları ağrıyır. O dərin yaddaş ağrısı, xatirə yükü, yaşananların əzabları fonunda dizlərin taqətdən düşənədək qaçmaq, gözdən itmək, yox olmaq istəyirsən. Həm fiziki, həm də mənəvi. Məncə, ən görünəni məhz mənəvi yoxluqdu. Özü də beyin və ürəyində öz-özünü yox hesab edib yoxa çıxmağı oynamaq. Lap uşaq vaxtı gizlənqaç yoldaşlarımıza inad “məni heç kim tapmasın deyə ən gizli yerə girib yoxa çıxım” kimi sadəlövh arzu ilə...

Amma hardaydı adamda o bəxt? Bəzi xatirələrin ağırlığı zindana dönüb yerə qoymadığın şələ kimi çiyinlərini yağır, ürəyini qubar, beynini də qabar edir. Başlayırsan “Ağıllı olub dərd çəkməkdənsə, dəli ol, dərdini çəksinlər”lə gizlənqaç oynamağa. Amma özlüyündə, o qabarlanmış beyninin ən dərinliyində bilirsən ki, qurtuluş yolu heç bu da deyil. Bəs nədir?...

Sizi bilmirəm, amma mən bu qəbil suallara cavab tapdım. Özü də heç vaxt yaşamaq istəmədiyim hiss və reallıqların ekran təsvirində.

8-11 oktyabr tarixlərində keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalının proqramında Azərbaycandan “Məryəm” bədii filmi də yer almışdı. Oktyabrın 10-da Nizami Kino Mərkəzində filmin təqdimatı keçirildi.

Çoxsaylı kinosevərin cəm olduğu təqdimatda çıxış edən Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu filmin yaradıcı heyətini təbrik etdi. “Məryəm” filminin sentyabr ayında Daşkənd kinofestivalında göstərildiyini və böyük marağa səbəb olduğunu deyən O.Fikrətoğlu ekran əsəri barədə təəssüratlarını da dilə gətirdi. Filmdə milli folklordan müasir reallığa fərqli mental xüsusların cəmləşməsindən məmnunluğunu vurğuladı.

Bildirdi ki, “Məryəm” tamaşaçıya dərin psixoloji təsir edə bilən ekran əsərlərindəndir. Bu filmin timsalında rejissor Elçin Musaoğlunun öz mövzularına sadiq qalmasını çox yüksək qiymətləndirirəm. O hər filmində özünün görə bildiyi,  sevdiyi, xüsusilə milli folklorumuzda gözlə görünməyən mifik Azərbaycan və türk reallığını sərgiləyir.

O da diqqətə çatdırıldı ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən film “Azərbaycanfilm” kinostudiyasının “TRT” və “Sinema evi” ilə müştərək istehsalıdır.

Ekran əsərinin süjet xətti Məryəm adlı qızın dünyasını dəyişdiyini zənn etdiyi atasını görmək üçün uzun illər sonra Azərbaycana gəlişi üzərində qurulub.

Valideynləri illər öncə ayrılan Məryəm anası ilə yaşayıb. Lakin atasını da çox sevib. Sadəcə 10 yaşlı qızcığaz anasızlığı daha ağır hesab edərək atasının “Gəl gedək, atanla qal” təklifinə “yox” deməli olur. Uzun illər bu etirazına təəssüf edə-edə uzaq Amerikaya köçür, orada təhsil alır. Sonra anasını da itirir. Həyatda tamamilə tək qalan gənc qız atasının sorağı ilə vətənə qayıdır. Uşaqlıq xatirələrinin bəzəyi olan kəndlərinə, artıq keçmişi kimi uçub-dağılan evlərinə qayıdır.

Atasını ucqar bölgədə yerləşən psixiatriya xəstəxanasında tapan Məryəm daha ağır həqiqətlə barışmalı olur: atasının həm də əzabdan qurtuluş üçün itən yaddaşını geri qaytarmalıdır.

Kənddə avtobus sürücüsü olan atası (Kərim) qızı gedəndən sonra meylini uşaqlara salır. Hər gün onları avtobusa toplayıb qəsəbədəki məktəbə aparır. Günlərin bir günü avtobusunun əyləci tutmur və böyük ağaca çırpılır. Uşaqları xilas edən Kərim partlayış nəticəsində yaddaşını itirir və ömrünün qalan hissəsini xəstəxanada keçirməyə məhkum olur. Ta “gözümün işığı” dediyi Məryəmi gələnədək...

Gənc Məryəmi ağır sınaqlar gözləyir. Çünki atasına toxunmadan, onunla göz təması belə qurmadan onu sağaltmaq kimi divanə bir arzunun arxasına düşüb. Əslində, atası kimi onun da ruhunu ağrıdan dərdlərdən davaya ehtiyacı var. Sığınacağı da sözsüz ki, ağlını itirmiş atası ilə bağlı ürəyinə su səpən xoş xatirələridir.

Öz-özünə “nə etməli” sualı ilə çarpışan Məryəmin tək dərdi bu deyil. Filmdəki hadisələr həm də Məryəmin xəstəxananın baş həkimi ilə yaşadığı konfliktlər və qarşısına çıxan çətinliklər ətrafında cərəyan edir. Kərim qarışıq bütün xəstələrinə “qurumuş ağac” kimi baxan baş həkim Məryəmin uzun müddət xəstəxanaya gəlib-getməsi ilə razılaşmır, onun bütün ümidlərini, atası ilə bağlı xəyallarını alt-üst etməyə çalışır. Amma Məryəm israrlıdır. Bu işdə atasının gənc həkimi də ona kömək edir. Nəhayət, onlar Kərimi yaddaşını didən o anın yaşandığı yerə – avtobusun qalıqlarının yanına gətirirlər. Bundan sonra yaddaşında əzab ilə baş-başa qalan ata qızının ona toxunuşu, ruhun əllərlə təmasından qorxub qızına xətər yetirərək ondan və özündən qaçmağa çalışır. Yalnız bu zaman – qızının fiziki ağrıları fonunda mənəvi əzablarını hiss edərək onlarla barışmalı olur.

Sadə və ağır əhvalatı fərqli ünsiyyət və təsvir formaları ilə ekrana gətirən filmin yaradıcı heyəti onu mifoloji təsirlənmələr və antik düşüncədəki yaranışdan ölümə təzadlı rəvayətlərin paradiqmasında təqdimata çalışıblar.

Bundan əvvəl bir-birindən fərqli ekran əsərləri ilə milli kinematoqrafiyamızda ayrı bir xəttin müəllifi kimi tanıdığımız Elçin Musaoğludan, sözsüz ki, belə bir işi gözləyirdim. Ssenarisini də özü yazan rejissor bu əhvalat vasitəsilə tamaşaçısına sadəcə bir ümumiləşmiş həqiqəti incə kinematoqrafik hiyləgərliklə pıçıldayır: təsvir təxəyyül məhsulunun ən ibtidai təqdimat formasıdır. Mənim verdiyim görüntü budur. Bəs sənin görmək istədiyin nədir?...

Ekran əsərinin ideya müəllifi rejissorun yaxın dostu, bir neçə il əvvəl dünyasını dəyişən Fərhad Rastqardır.

“Qərar verdim ki, onun dediyi ssenarini yazım. Seçimlər biz insanları formalaşdırır və kim olduğumuzu göstərir. Mənim üçün ekstremal situasiyada qəhrəmanın seçimi həmişə maraqlı və vacib olub. Sən nəyi seçirsən sualı çox önəmlidir və bizim film də bu seçim haqqındadır” deyən rejissor, məncə, istəyinə nail olub.

Uğurlu kollektiv əməyin bəhrəsi olan “Məryəm”in podüserləri Fariz Əhmədov, Suat Köçər, quruluşçu rejissoru Elçin Musaoğlu, rejissoru Rövşən Ağayev, quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssamı Zaur Abdullayev, bəstəkarı Azər Hacıəsgərlidir. Filmdə Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artistlər Ayşad Məmmədov, Qəmər Məmmədova, aktyorlar Təhminə Rafaella, Ərtoğrul Kamalov, Zaur Şəfiyev və başqaları çəkiliblər.

Film barədə ümumi təəssüratımda bir-iki məqama xüsusilə diqqət çəkmək istərdim. Birincisi, istənilən film o zaman uğurlu olur ki, o, tamaşaçıya çox dolğun və emosional təcrübə yaşadır, onun hissləri ilə reallıq arasında incə təmas yaradır.

İkincisi, mənə görə, “Məryəm” filmi həm vizual, həm də emosional baxımdan zəngin bir təcrübə mübadiləsidir. Burada vizual tərəflərlə dramaturji xəttin uzlaşması yaşanır. Təsvirlər, epizoddan-epizoda keçidlər, seçilən rakurslar və bu zaman sadə mexanizm təəssüratı yaradaraq açıq təsvirlərə qaçış uğurlu və ən əsası da müstəqil  operator işinə işarə verir.

Filmdə qəliz, çoxqatlı konstruksiya, mətləbə kəlləmayallaq baxış yoxdur. Əvvəldən axıra sadə bir fikir var: qızın atasına olan sevgisi. Hekayə də, onun ifadəsi də çox poetik və sadədir. Quruluş müəllifi filmdə yaşanan şərtsiz sevgini özünəməxsus üslubda təqdim  edir. Elə ifaçılar da.

İnsan mənəviyyatı, onun sədaqət və sevgisinə kinematoqrafik toxunuş olan film maraqla qarşılandı.

Sonda yaradıcı heyət səhnəyə çıxdı. Quruluşçu rejissor Elçin Musaoğlu bütün heyət və tamaşaçılara təşəkkür etdi.

Həmidə Nizamiqızı