III “Korkut Ata” Türk Dünyası Film Festivalı başa çatdı

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə 8-11 oktyabr tarixlərində paytaxtımızda keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalı başa çatdı.

Oktyabrın 11-də Heydər Əliyev Mərkəzində festivalın bağlanış mərasimi oldu. Mərasimdə rəsmi şəxslər, Türk dünyasının tanınmış sənət adamları və digər qonaqlar iştirak edirdilər.

Mərasimin əvvəlində dörd gün davam edən festivalla bağlı qısa videoçarx nümayiş olundu.

Açılış nitqi söyləyən TÜRKSOY-un baş katibi Sultan Raev qonaqları salamladı. Festival barədə təəssüratlarını bildirən S.Raev Azərbaycanda olmağından məmnunluğunu ifadə etdi. Bildirdi ki, iki il əvvəl əsası Türkiyədə qoyulan festival bu il Türkiyədən kənarda, Azərbaycanın ev sahibliyi ilə gerçəkləşir: “Bu günlər bizlərə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə təşəkkürümü ifadə edirəm. Həmçinin Azərbaycan xalqına qonaqpərvərliyinə görə minnətdaram. İnanıram ki, kino sahəsi on illər sonra da Türk dünyası və xalqlarını bir araya gətirəcək. III “Korkut Ata” Türk Dünyası Film Festivalı qardaş ölkələrin kino sənətini tanıtmaq üçün böyük bir fürsətdir. Bu festivala gələcəkdə də dəstək olmağa davam edəcəyik”.

Baş katib çıxışından sonra TÜRKSOY-un xüsusi mükafatını kino sahəsində xidmətlərinə görə Azərbaycanın Xalq artisti Fəxrəddin Manafova təqdim etdi.

Münsiflər heyətinin sədri Xalq artisti Vaqif Mustafayev festivalın əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, münsiflər festivalın müsabiqə proqramında yer alan bir-birindən maraqlı bədii və sənədli filmlərə baxıblar və mükafatçıları müəyyən etmək heç də asan olmayıb.

Sənədli və bədii filmlər müsabiqəsi üzrə münsiflər heyəti təqdim olundu.

Qeyd edək ki, bədii və sənədli filmlər üzrə münsiflər heyətlərində TÜRKSOY üzvü olan 6 dövlətin (Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) bir kino xadimi yer alıb. Hər iki heyətə Vaqif Mustafayev rəhbərlik edib.

Mərasimdə öncə festivalın “Türk dünyası kinematoqrafiyasına verdiyi töhfələrə görə” fəxri mükafatları təqdim olundu.

İlk mükafat Türkmənistandan qocaman kinorejissor Hocaqulu Narlıyev və həyat yoldaşı, tanınmış aktrisa, SSRİ Xalq artisti Mayagözəl Aymedovaya təqdim edildi. Həmçinin Çarlıyar Seyidli (Türkmənistan), Serdar Gökhan, Metin Günay (hər ikisi Türkiyə), Həmidə Ömərova, Oqtay Mirqasımov, Orman Əliyev, Ağası Məmmədli (hamısı Azərbaycan), Firdavs Abduxalikov (Özbəkistan) və Azamat Satıbaldı (Qazaxıstan) festivalın fəxri mükafatları ilə təltif olundular.

Sonra festivalın müsabiqə proqramı üzrə mükafatçılar elan edildi.

“Jambıl” filminə görə qazaxıstanlı aktyor Dosjan Janbotaev, “Hep 33 yaşında” filminə görə türkiyəli rejissor Murat Pay jürinin xüsusi mükafatına layiq görüldü.

“Ən yaxşı aktyor” nominasiyası üzrə mükafatı Ahmet Amandurdiyev (“Qızıl alma”, Türkmənistan, rejissor Xekim Alavov), “Ən yaxşı aktrisa” nominasiyası üzrə mükafatı isə Təhminə Rafaella (“Məryəm”, Azərbaycan, rejissor Elçin Musaoğlu) qazandı.

“Ən yaxşı ssenari” mükafatına “Abdulla Oripov” bədii filmi (Özbəkistan, ssenari müəllifləri Abduqayum Yoldoşev, Muqaddas Usmonova) layiq görüldü.

“Ən yaxşı rejissor” nominasiyasında Asel Juraeva (Qırğızıstan, “Tanrıverdi” filmi) mükafatlandırıldı.

“Ən yaxşı sənədli film” nominasiyasında 3-cü mükafatı “Mənim dairəm” (Özbəkistan, rejissor Şöhrət Mahmudov), 2-ci mükafatı “Arqau” (Qazaxıstan, rejissor A.Or-Altay), 1-ci mükafatı isə “Sonuncu” (Azərbaycan, rejissor Fariz Əhmədov) filmləri qazandı.

Festivalın əsas mükafatı sayılan “Ən yaxşı bədii film” nominasiyasında isə “Yıldız tozu” filmi (Türkiyə, rejissor Ahmet Sönmez) qalib elan olundu. Mükafat Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva tərəfindən təqdim edildi.

Sonra səhnəyə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dəvət olundu. Nazir növbəti “Korkut Ata” festivalının Türkmənistanın Anev şəhərinə ötürülməsini və orada keçiriləcəyini simvolizə edən “Durna quşu” mükafatını Türkmənistan Kino İdarəsinin sədr müavini Sahısaleh Bayramova təqdim etdi.

Sahısaleh Bayramov mərasim iştirakçılarına və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkürünü bildirib, hər kəsi gələn il Türkmənistanda keçiriləcək növbəti “Korkut Ata” Türk Dünyası Film Festivalına dəvət etdi.

Adil Kərimli çıxışında artıq üçüncü dəfə gerçəkləşən “Korkut Ata” Türk Dünyası Film Festivalının əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, Azərbaycan kinematoqrafiyası və Azərbaycan filmi türk kino sənətinin vacib parçası olaraq bu gün inkişaf etməkdədir: “Azərbaycan kinematoqrafiyasının türk kino sənətinin tərkib hissəsi olaraq, bu tərkibə qatqısı çox böyükdür və biz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə kinomuzun inkişafını görürük. Mən inanıram ki, bütün bunların töhfəsi ilə türk kinematoqrafiyası dünya kinosunda öz xüsusi yerini tapacaq”.

Nazir çıxışının sonunda festivalın təşkilatçı qurumlarından Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevaya, TÜRKSOY-un baş katibi Sultan Raevə, həmçinin festivalın təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi, gələn il bu festivala ev sahibliyi edəcək Türkmənistana uğurlar arzuladı.

***

Mərasimdə daha sonra “Dədə Qorqud” dastanının motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olundu.

Kompozisiyanın ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, xoreoqrafı Nailə Məmmədzadə, bəstəkarı Azər Hacıəsgərlidir.

Rolları Xalq artistləri Rafiq Əzimov (Dədə Qorqud), Nurəddin Mehdixanlı (Bayandur xan), Əməkdar artistlər Münəvvər Əliyeva (Burla xatın), Bəhruz Vaqifoğlu (Dirsə xan), aktyorlar Anar Seyfullayev (Qazan xan), Sənan Kazımov (Beyrək), İlahə Həsənova (Banuçiçək), İlhan Sadıqov (Uruz), Aydan Həsənzadə (Selcan xatın) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin I kurs tələbələri (Oğuz igidləri) ifa edirdilər.

Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan milli rəqs nümunələri də ədəbi-bədii kompozisiya rəng qatdı. Rəqslər Azərbaycan Dövlət Rəqs Ansamblı, Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqqasları, eləcə də Bakı Xoreoqrafiya Akademiyasının tələbələri tərəfindən təqdim edildi.

Proqram sürəkli alqışlarla qarşılandı.

Beləcə ölkəmizin ev sahibliyi etdiyi daha bir möhtəşəm tədbir – III “Korkut Ata” Türk Dünyası Film Festivalı tarixə qovuşdu.

N.Məmmədli