Oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü tamam olur.
Bu münasibətlə oktyabrın 12-də Milli Məclisin xüsusi iclası keçirilib. İclasda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul olunub.
Bəyanatda bildirilir ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyəti müddətində ölkəmizin davamlı inkişafı təmin olunub, ən əsası, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.
“Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, xalq və dövlət qarşısında müstəsna xidmətləri ilə yeni tarixi dövrün milli lideri səviyyəsinə yüksəlmişdir. Milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması, ölkəmizin potensialının artırılması üçün görülən ardıcıl tədbirlər Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə və regional güc mərkəzinə çevirmişdir”, – deyə bəyanatda vurğulanır.
Bəyanatda o da diqqətə çatdırılır ki, milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin, mədəniyyət və incəsənətin inkişafı sahəsində əməli addımlar atılıb.
“Həyata keçirilən düşünülmüş tədbirlər sayəsində ölkəmiz dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Azərbaycanın dünyaya təqdim etdiyi demokratik cəmiyyət nümunəsi etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verilməsinə, bütün xalqların mədəni sərvətlərinin, müxtəlif dinlərə etiqad edən insanların mənəvi dəyərlərinin qorunmasına və inkişafına əsaslanır.
Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrini bir araya gətirən dünya və Avropa miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi ənənə halını almışdır. Bakı nüfuzlu beynəlxalq toplantılara, humanitar forumlara, mədəniyyətlərarası dialoq məclislərinə, böyük idman yarışlarına ev sahibliyi edir”.
Qeyd edilir ki, hər bir azərbaycanlının Prezidenti olmağı bacaran İlham Əliyev azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə ölkədə milli həmrəyliyin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Dünya azərbaycanlılarının bir-biri ilə və tarixi Vətənlə əlaqələrinin güclənməsinə, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında milli adət-ənənələrin və mədəniyyətin qorunub saxlanılmasına kömək göstərilməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir.
Bəyanatda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının xarici siyasət konsepsiyasının həyata keçirilməsi sahəsində əldə olunan nailiyyətlər də vurğulanır. Qeyd edilir ki, 2012–2013-cü illərdə dövlətimizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük uğurlardan biri olub. Azərbaycanın beynəlxalq nüfuzunu göstərən digər mühüm bir hadisə ölkəmizin 2019–2023-cü illərdə dünyanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməsidir.
Bildirilir ki, İlham Əliyevin prezidentliyi dövründə ən yüksək standartlara cavab verən silahlı qüvvələr formalaşdırılıb. Doğma torpaqlarını işğaldan azad etməyə hazır olan vətənpərvər gənc nəsil yetişdirilib. Bütün bunlar Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi barədə Ulu öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsinə şərait yaradıb. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin hərbi qələbəsi xalqımızın qəhrəmanlıq salnaməsində yeni şanlı səhifə açdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfəri sayəsində işğalçı Ermənistan təslim olmağa məcbur edildi, tarixi ədalət və dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycanın əzəli tarixi torpaqları olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri və etnik təmizləmələr silsiləsinə son qoydu, xalqımıza düşmən kəsilmiş dünya erməniliyinə sarsıdıcı zərbə endirdi.
Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədilə 2023-cü il sentyabrın 19-20-də Müzəffər Ali Baş Komandanın məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi”.
Bildirilir ki, hazırda işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin irəli sürdüyü strateji yol xəritəsinə əsasən bərpa və quruculuq işləri geniş vüsət alıb. Məcburi köçkünlər mərhələ-mərhələ doğma yurdlarına qaytarılır. İnamla söyləmək olar ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı bütün layihələr uğurla başa çatdırılacaq və bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcək.
“Siyasi lider öz fəaliyyəti ilə zamanca qısa bir dövrü əhatə edir, milli lider isə uzunmüddətli perspektiv üçün ölkəsinin inkişafının optimal istiqamətlərini müəyyənləşdirir. Azərbaycan Respublikasının Milli Məclisi əmindir ki, Prezident İlham Əliyevə xas olan siyasi bəsirət və səriştə Azərbaycanın müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcəkdir”, – deyə bəyanatda vurğulanır.