Rektor: Tədqiqatları beynəlxalq elmmetrik bazalara çıxarmaq əsas məqsədlərimizdəndir

 

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Polşanın Marşalek Nəşriyyat Qrupunun İdarə heyətinin sədri Adam Marşaleklə görüşüb.

BSU-dan bildirilib ki, görüşdə rektor Anar Nağıyev universitetin Polşa Tədris-Mədəniyyət Mərkəzinin fəaliyyətindən danışıb. BSU-da polyak dilinin tədrisindən danışan rektor BSU tədqiqatlarına, müəllim və tələbələrə davamlı dəstəyinə görə Adam Marşalekə minnətdarlığını bildirib. Anar Nağıyev Bakı Slavyan Universiteti tərəfindən bu il may ayının 4-5-də “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfransdakı çıxışını xatırladaraq, Adam Marşalekə bir daha təşəkkürünü ifadə edib və bu beynəlxalq elmi konfransa təqdim edilmiş 10 məqalənin Marşalek Nəşriyyat Qrupunun nəşr edəcəyini deyib. BSU tədqiqatlarının beynəlxalq elmmetrik bazalara çıxmasının təmin olunmasına verəcəyi dəstəyə görə Adam Marşalekə təşəkkür edib. Rektor qeyd edib ki, BSU-nun tədqiqatlarının beynəlxalq elmmetrik bazalara çıxarılması əsas məqsədlərdəndir.

Adam Marşalek BSU-da olmaqdan məmnunluğunu bildirib. O, budəfəki gəlişinin məqsədinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi olduğunu bildirib.

Görüşdə Azərbaycan və polyak tədqiqatçılarının birgə beynəlxalq layihələrdə iştirakının vacibliyi vurğulanıb.

Qeyd edək ki, Adam Marşalek BSU-da keçiriləcək “Müəllim hazırlığının təlim və tədris məsələlərinə həsr olunmuş” beynəlxalq elmi-praktik konfransda, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində, Azərbaycan Milli Elmlər Akademiyasında, Azərbaycan Dillər Universitetində, həmçinin bir sıra digər görüşlərdə iştirak edəcək.