Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı Azərbaycan Dillər Universitetinin (ADU) Elmi şurasının qərarı ilə çap olunub.
ADU-dan bildirilib ki, məqalələr toplusu olan yeni nəşrdə 1993-2003-cü illərdə müxtəlif ölkələrdə olan ingilisdilli mətbuatda Azərbaycan haqqında dərc olunan məqalələrin Azərbaycan dilinə tərcüməsi yer alıb. Dövrün tələbinə uyğun olaraq məqalələr əsasən Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın neft-qaz sənayesi, siyasi həyatı, tarixi və mədəniyyəti ilə bağlı mövzuları əhatə edir. Bəzi məqalələrdə bəhs edilən hadisə və proseslərlə əlaqəli yol verilən qeyri-dəqiqliklər, təhriflər və s. barədə kitabın “Qeydlər” bölməsində şərhlər verilib. Kitab tədqiqatçılar, siyasətçilər, Azərbaycan tarixi, iqtisadiyyatı, mədəniyyəti və respublikanın beynəlxalq əlaqələri ilə maraqlananlar üçün nəzərdə tutulub.
Layihənin ideya müəllifi və rəhbəri ADU-nun rektoru akademik Kamal Abdulladır. Layihənin icraçı-koordinatorları ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin müdiri tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstəmov və Mərkəzin elmi işçisi Suğra Ələkbərlidir.
Kitabın tərtibçiləri Şəhla Xudiyeva, Nərgiz Seyidova, Aysu Hüseynli, Pərvanə Cəfərova, Röya Əzizova, İradə Nəcəfova, Gülnar Nağıyeva, İlahə Tağızadə, Eleonora Babayeva, Sabir Əliyev, Təvəkkül Zeynallıdır. Layihənin məsul redaktoru tarix üzrə fəlsəfə doktoru Aqil Şahmuradovdur. Rəyçiləri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi Solmaz Rüstəmova-Tohidi, Bakı Dövlət Universitetinin Slavyan tarixi kafedrasının müdiri Abutalıb Cəlilovdur.
Kitabın “Ön söz”ündə akademik Kamal Abdulla bildirib ki, ADU-da hazırlanan və oxucuların istifadəsinə verilən “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı” kitabına Ulu Öndər Heydər Əliyevin Azərbaycanda prezidentliyi dövründə ingilisdilli xarici mətbuatda respublika haqqında çap edilmiş materialların bir hissəsinin Azərbaycan dilinə tərcümə olunan variantları daxil edilib: “Qeyd etmək lazımdır ki, 1993-2003-cü illərdə Ümummilli Liderin rəhbərliyi altında Azərbaycanda reallaşdırılan köklü dəyişikliklərin, cərəyan edən hadisə və proseslərin və həyata keçirilən xarici siyasət kursunun intensivliyi ingilisdilli xarici mətbuatda Azərbaycan haqqında çap edilmiş materialların sayının kifayət qədər çox olmasını şərtləndirmişdir. Bütün bu materialları bir kitabda əhatə etməyin qeyri-mümkünlüyü şübhə doğurmur. Eyni zamanda, inanırıq ki, ilk təşəbbüs olan bu layihə müəyyən mərhələlərlə bundan sonra da davam etdiriləcək, yeni-yeni materiallar üzə çıxarılacaq və təqdim ediləcək. Oxucu kitabla tanış olduqca “Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə xarici mətbuatda Azərbaycan haqqında verilən yazıların məzmunun müsbətə doğru necə dəyişdiyinin şahidi olacaq, respublikanın inkişafının həqiqi əks-sədasını duyacaq”.
Kitab üzərində iş məqalələrin Azərbaycan dilinə tərcümə edilməsi ilə məhdudlaşmayıb. Eyni zamanda, Azərbaycan reallıqlarını mətbuat səhifələrində işıqlandırmağa çalışan bəzi müəlliflərin yol verdikləri qeyri-dəqiqliklər, təhriflər və ya saxtalaşdırmalar üzə çıxarılıb və belə məqamların hər biri barədə, həmçinin kitaba daxil edilən materiallarda öz əksini tapan hadisə və proseslərlə bağlı olan şəxslər, şəhər və kəndlər haqqında da müvafiq şərhlər verilib. Bütün bunlara əsaslanaraq, siyasətçilər, tarixçilər, regionşünaslar, diplomatlar və digər mütəxəssislər üçün son dərəcə faydalı vəsait olan "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı" kitabını həm də ciddi tədqiqat işi kimi qiymətləndirmək olar.