M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində II Braziliya klassik musiqi festivalı çərçivəsində konsert keçirilib.

Oktyabrın 11-də təşkil olunan musiqi axşamında Azərbaycan Dövlət Fortepiano Triosu və Azərbaycan Dövlət Simli Kvartetinin ifasında Francisco Braga, Capiba, Heitor Villa-Lobos, Francisco Mignonenin əsərləri səslənib.

Qeyd edək ki, Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılmışdır. Trionun tərkibinə Azərbaycan Respublikasının Əməkdar artistləri - Töhfə Babayeva (violin, bədii rəhbər), Elnarə Kəbirlinskaya (piano) və Səbinə İbrahimova (cello) daxildir.

Trionun repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir dövr əsərləri ilə zəngindir. Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, O.Zülfüqarov, M.Mirzəyev, S.Fərəcovun əsərləri ilə yanaşı, trio gənc bəstəkarlarının əsərlərinin də yorulmaz təbliğçisidir. Kollektiv mütəmadi olaraq Filarmoniyanın, Kamera və Orqan musiqisi zalının səhnələrində, dövlət tədbirlərində - həm Azərbaycanda, həm də xarici ölkələrdə uğurla çıxış edir, S.Ələsgərov adına mükafatın laureatıdır.

Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. Kvartetin repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və çağdaş əsərləri ilə zəngindir.