Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibəti ilə hazırladığı "Sən elə bir zirvəsən!" adlı musiqili-tarixi esseni Mingəçevirdə nümayiş etdirib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə oktyabrın 9-da Mingəçevir Dövlət Dram Teatrında nümayiş olunan səhnə əsərində Ulu öndərin əziz xatirəsinə ehtiram ifadə olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətinə nəzər salınıb.
Teatrın solistləri Əməkdar artist Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet artistlərinin çıxışları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Mingəçevir Dövlət Dram Teatrının direktoru Əməkdar artist İntiqam Soltan tədbirin ərsəyə gəlməsində rolu olan hər kəsə təşəkkürünü bildirib.
Tamaşanın ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.
Xatırladaq ki, Akademik Musiqili Teatrın kollektivi bu tamaşanı daha sonra Gəncə və Şəki şəhərlərində də göstərib. Kollektivin növbəti çıxışları Lənkəran və Naxçıvan şəhərlərində olacaq.