Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru professor Şuxrat Toxtasimov Bakı Xoreoqrafiya Akademiyasında (BXA) klassik rəqsin tədrisi nəzəriyyəsi və metodikası fənni üzrə ustad dərsləri keçib.

Ustad dərslərində BXA-nın klassik rəqs fənn müəllimləri, baletmeyster və xoreoqraflar iştirak ediblər.

Ş.Toxtasimov BXA-nın tam orta məktəb, orta ixtisas təhsili və bakalavr pillələrinin şagird və tələbələrinə klassik rəqsdə tədris olunan oğlan və qız rəqslərində əl və ayaqların duruş dərəcə və hərəkətlərinin incəliklərini nümayiş etdirib. Dəzgah qarşısında tələbələr müvafiq rəqs hərəkətlərini icra ediblər.

Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru BXA-nın orta ixtisas təhsili pilləsinin məzunlarının diplom təqdimatı mərasimində də iştirak edib.

Ustad dərsləri yekunlaşandan sonra Şuxrat Toxtasimov Bakı Xoreoqrafiya Akademiyasının rəhbər heyəti ilə görüşüb. Görüşdə iki ali təhsil müəssisəsinin əməkdaşlığının genişləndirilməsi müzakirə olunub, gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.