“Tarixi günlər yaşayırıq. Ölkəmizə dəstəyinə görə Prezident İlham Əliyevə, Azərbaycan xalqına təşəkkür edirik. Türkiyə, Azərbaycan və Şimali Kipr “Tək millət – üç dövlət”dir”.

Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bu fikirləri oktyabrın 14-də keçirilən mətbuat konfransında bildirib.

Türkiyənin Şimali Kiprin qarantı olduğunu diqqətə çatdıran Ersin Tatar Azərbaycanın da ölkəsinin yanında olduğunu bildirib: “Biz də hər zaman Türkiyənin və Azərbaycanın yanındayıq. “Şimali Kipr Türk Respublikası Mədəniyyət və Təqdimat Günləri” çərçivəsində mühüm görüşlər keçirdik. Ölkələrimiz turizm, elm, təhsil və tələbə mübadiləsi sahəsində əməkdaşlığı davam etdirəcəklər".

Ersin Tatar vurğulayıb ki, Azərbaycanın uzun illərdən sonra ərazi bütövlüyünü tam bərpa etməsi bizi də ürəkdən sevindirdi. Azərbaycan dövləti, xalqı, mediası Şimali Kiprin haqq səsinin dünyaya çatdırılmasına böyük dəstək göstərir. Bunun üçün təşəkkürümüzü bildiririk.

Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını qeyd edən Ersin Tatar bu səfərin əlaqələrimizin inkişafına böyük töhfə verəcəyindən əminliyini ifadə edib.

Bildirib ki, turizm və tələbələrin mübadiləsi Şimali Kipr və Azərbaycan arasındakı tərəfdaşlıq əlaqələrində əsas sahələrdir. Azərbaycanlı tələbələri Şimali Kiprdə görməkdəm məmnun olacaqlarını diqqətə çatdıran Ersin Tatar ölkəmizlə digər sahələrdə əməkdaşlıq əlaqələrinin imkanlarından danışıb.

Qeyd edək ki, oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar arasında görüş keçirilib.