Oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü tamam olur. Bu münasibətlə oktyabrın 14-də “Gülüstan” sarayında “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfrans keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin həmsədrliyi ilə keçən konfransda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin qazandığı nailiyyətlərə və tarixi qələbələrə dair məruzələr dinlənilib.

Konfransı açan Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycanın yeni əsrdə yeni lideri olan İlham Əliyevin birinci müddətə Prezident seçilməsinin iyirmi illiyi tamam olur. Ötən illərdə əldə olunan uğurları diqqətə çatdıran Əli Əsədov qeyd edib ki, “Güclü iqtisadiyyat ən önəmli şərtdir” deyən Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) real ifadədə 3,6 dəfə artıb. Bu, son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir. Dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsini milli iqtisadiyyat qarşısında əsas çağırış olaraq qoyub və bu istiqamətdə görülən işlər nəticəsində ötən 20 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə, dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 min 256 manat təşkil edib. Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı inkişaf təmin olunub. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçib və hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstələyir. Bu dövr ərzində sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onun 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində son 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artıb.

Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirilib. Son 20 ildə paytaxtda və regionlarda 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması Prezidentin daim diqqət mərkəzində olub. Hər il dövlət büdcəsi tərtib edilərkən büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb.

Baş nazir qeyd edib ki, Prezident İlham Əliyev dövlətimizin başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri uğurla yerinə yetirib: “Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və birgünlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır. Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları vəsait ayrılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilib və uğurla icra olunur. Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir”.

Sonra Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev çıxış edib. Qeyd edib ki, ötən 20 il ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunması, cərəyan edən proseslərin, baş vermiş hadisələrin zənginliyi, ən əsası, əldə edilmiş nəticələr baxımından müstəsna əhəmiyyət kəsb edən və çoxəsrlik milli dövlətçiliyimizin ən parlaq səhifəsinə çevrilmiş yeni bir mərhələdir: “Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi düşmüş, əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olmuşdur. Məhz buna görədir ki, ötən dövr ərzində keçirilmiş 4 prezident seçkisində Azərbaycan xalqı öz gələcəyini yalnız Prezident İlham Əliyevə etibar edib. Xalqımız hər zaman Prezident İlham Əliyevə dəstək olur, ətrafında sıx birləşərək ardınca irəliyə doğru addımlayır”.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan uzun illər iqtisadi inkişaf parametrlərinə görə dünyada lider mövqeyə malik olub. 2003-2022-ci illərdə Azərbaycanda ümumi daxili məhsul 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib. 2003-2023-cü illərdə dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata çatıb. Strateji valyuta ehtiyatları 2003-cü ildə 1,4 milyard dollardan 2023-cü il oktyabrın 1-nə 66,1 milyard dollara qədər artıb. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlib.

“Nə Ermənistan rəhbərliyi, nə də Qarabağdakı hərbi xuntanın başçıları ehtimal belə etmirdilər ki, gün gələcək Azərbaycan təkcə Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada deyil, eləcə də Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə nəzarətini bərpa edəcək, xalqımıza qarşı cinayətlər törətmiş separatçılar isə Azərbaycan məhkəməsi qarşısında cavab verməli olacaqlar”, - deyən Prezident Administrasiyasının rəhbəri bildirib ki, 2023-cü il sentyabrın 20-də 24 saatdan az vaxt çəkən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinin həmin ərazidəki bütün tör-töküntülərini, hərbi infrastrukturunu sıradan çıxardı və hərbi xuntanı ağ bayraq qaldırmağa məcbur etdi. Bundan sonra separatçılara özünü buraxmaq barədə qərar qəbul etməkdən başqa çıxış yolu qalmadı.

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi”, - deyə S.Nuriyev əlavə edib.

Daha sonra konfransda Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Əhmədov, xarici işlər naziri Ceyhun Bayramov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və elm və təhsil naziri Emin Əmrullayev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev Ümummilli Liderimizin siyasi irsini davam etdirərək və Ulu Öndərin səyləri nəticəsində yaradılmış möhkəm təmələ əsaslanaraq dövlətimizi strateji hədəflərə doğru uğurla aparır. Bunun nəticəsində Azərbaycan regionun ən inkişaf etmiş iqtisadiyyatına malik olmaqla yanaşı, həm də söz və nüfuz sahibinə çevrilib.

Diqqətə çatdırılıb ki, ötən illərdə ölkəmizdə 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər, 3300-dək məktəb, 450-dən çox uşaq bağçası, 550-dən çox tibb müəssisəsi, 41 Olimpiya İdman Kompleksi tikilib və ya təmir olunub. Dövlət başçısının tapşırığına əsasən, Naxçıvanın sosial-iqtisadi inkişafına dair proqramın və strateji layihələrin icrasına başlanılıb ki, bu da muxtar respublikada rifahın yüksəlməsinə, biznes fəaliyyətinin genişlənməsinə münbit şərait yaradacaq.

Çıxışlarda Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısından danışılıb, onların təqaüdünün ötən dövrdə 6 dəfə artırıldığı qeyd olunub. Həmçinin şəhid hərbçilərin ailələrinə və müharibə əlillərinə birdəfəlik ödəmələr verilib. Bildirilib ki, şəhid ailələri və müharibə əlilləri üçün mənzil təminatı proqramı da 5 dəfə genişlənib. Son 3 ildə bu qəbildən onlar şəxslərə 5300, ümumilikdə isə 14100 mənzil və fərdi ev təhvil verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7500 avtomobil verilib. Bundan başqa, postmüharibə dövründə Prezidentin göstərişi ilə 124 min şəxsə 309 min xidmət göstərilib. O cümlədən 103 min şəxsə sosial ödəniş təyin olunub, 20 min şəxsin məşğulluğu təmin edilib, 51 min şəxsə reabilitasiya xidməti (o cümlədən 458 yüksək texnologiyalı protez) təqdim olunub.

Vurğulanıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq ötən 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb.

Sonda Azərbaycan Televiziyası (AzTV) tərəfindən hazırlanan və Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin qazandığı nailiyyətlərə həsr olunan sənədli film nümayiş etdirilib.