Naxçıvan Muxtar Respublikasında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 20 il” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan NMR mədəniyyət nazirinin müavini Həsən Seyidov bildirib ki, İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Ulu öndər Heydər Əliyev irsinin layiqli mirasçısı kimi keçdiyi yol çətin, eyni zamanda şərəfli bir yoldur. Bu yol böyük məktəb, qazanılan nəzəri biliklərin təcrübədə cəsarətlə tətbiqi və əldə olunan ən yüksək nəticələrin uğurlu Zəfəri fonunda ata vəsiyyətinin layiqincə yerinə yetirilməsi, azad, firavan Azərbaycan quruculuğu uğrunda aparılan müqəddəs mübarizə yoludur.

Digər çıxışlarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib.

Sonda “İlham” sənədli filmi nümayiş olunub.

***

Oktyabrın 14-də NMR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində “Azərbaycan – Heydər Əliyevdən İlham Əliyevə. Heydər Əliyev ideyalarının zəfər yürüşü” mövzusunda tədbir  gerçəkləşib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının şöbə müdiri Gülbuta Babayeva açaraq bildirib ki, Ulu öndər Heydər Əliyevdən sonra onun siyasi kursunu ləyaqətlə davam etdirəcək yeganə şəxs İlham Əliyev idi. Çünki İlham Əliyev XX əsrin 90-cı illərinin ortalarından başlayaraq yeni tipli siyasi lider olaraq kifayət qədər böyük siyasi nüfuz qazanmışdı.

Vurğulanıb ki, İlham Əliyevin 20 il əvvəl – 2003-cü ilin 15 oktyabr tarixində keçirilən prezident seçkilərində uğur qazanması xalqımızın Heydər Əliyev ideyalarına verdiyi dəyərin, bu siyasətə dəstəyinin aydın ifadəsi idi.

Heydər Əliyev Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyevin “Azərbaycan – Heydər Əliyevdən İlham Əliyevə. Heydər Əliyev ideyalarının zəfər yürüşü” mövzusunda çıxışı dinlənilib.

“İlham” sənədli filmi nümayiş olunduqdan sonra iştirakçılar muzeyin ekspozisiyası ilə tanış olublar.

***

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı” mövzusunda tədbir keçirilib. Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə bildirilib ki, Prezident İlham Əliyev fəaliyyətinin hələ ilk dövrlərindən Qarabağın işğalını milli təhlükəsizliyin əsas təhdidi kimi xarakterizə edərək, tarixi ərazilərimizin Ermənistanın işğalından azad edilməsini əsas hədəf kimi müəyyənləşdirmişdi. O, bu taleyüklü vəzifəni qüdrətli liderlik məharəti ilə cəmi 44 günə gerçəkləşdirib.

Tədbirin sonunda sənədli filmə və “Tarix yazan lider” başlıqlı sərgiyə baxış olub.

***

A.Babayev adına NMR Uşaq Kitabxanasında “Azərbaycan tarixində 20 illik İlham Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin liderliyində ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar, genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq Qələbənin qazanılmasına zəmin yaradıb.

Sonda tədbir iştirakçıları sənədli film izləyib və “İlham Əliyev – Müzəffər Ali Baş Komandan” başlıqlı sərgi ilə tanış olublar.

***

NMR Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, Heydər Əliyev Sarayı və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə tədbir keçirilib. bildirilib ki, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı. 

Vurğulanıb ki, ötən 20 il həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün arzularını həyata keçirməyə, hadisələrin axarını dəyişməyə qadir, öz dövlətçilik fəaliyyətində milli maraqları ali məqsəd kimi görən və bütün qüvvəsini bu işə həsr edən, xalqın birmənalı şəkildə dəstəklədiyi və etimad göstərdiyi liderdir.

Sonda Vaqif Müstafayevin “Ata yolu” filmi nümayiş olunub.

***

Naxçıvan Dövlət Rəsm Qalereyasında NMR Rəssamlar Birliyi, Naxçıvan Dövlət Xalça Muzeyi və Bəhruz Kəngərli Muzeyinin birgə təşkilatçılığı ilə “Tarix yazan lider – İlham Əliyev” adlı tədbir keçirilib.

Tədbirdə qeyd olunub ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılan Zəfərimiz müstəqillik tariximizin ən şanlı səhifələrinə qızıl hərflərlə yazılıb. Azərbaycan xalqını bu Qələbəyə aparan ən böyük qüvvə və danılmaz güc Ali Baş Komandan Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezidentimiz Ümummilli lider Heydər Əliyevin qarşıya qoyduğu bütün hədəflər uğurla yerinə yetirib.

***

İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinə həsr olunmuş daha bir tədbir Naxçıvan Dövlət Tarix Muzeyində keçirilib. “İlham Əliyev və son 20 ildə Azərbaycan” mövzusunda tədbirdə bildirilib ki, İlham Əliyev mədəniyyətimizin bütün sahələrinin inkişafını daim diqqətdə saxlayıb.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi dönəmində Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti və Ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində tarixi Qələbə qazandıq.

Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olub.