Oktyabrın 16-da TÜRKSOY-un baş katibi Sultan Raev və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub.

Rektor Ceyran Mahmudova qonaqlara universitetin fəaliyyəti, tədris proqramı və beynəlxalq əlaqələri barədə məlumat verib.

Qonaqlar ADMİU-nun “Xəzər” tələbə xor kollektivinin və xalq çalğı alətləri orkestrinin ifasını dinləyiblər.

Görüş çərçivəsində ADMİU-nun 100, TÜRKSOY-un 30 illiyi münasibətilə universitetdə TÜRKSOY kafedrasının açılış mərasimi keçirilib və iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Ceyran Mahmudova 30 illik yubileyini qeyd edən TÜRKSOY-un Türk dünyasının nüfuzlu təşkilatı kimi keçirdiyi önəmli tədbirlərdən, layihələrdən bəhs edib,  bu tədbirlərdə ADMİU-nun da iştirakından məmnunluq duyduqlarını vurğulayıb. Rektor həmçinin TÜRKSOY-un 30 illik yubiley medalına layiq gördükləri üçün bir daha təşəkkürünü ifadə edib.

TÜRKSOY-un baş katibi göstərilən diqqətə və qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, bu günlərdə Azərbaycan bayrağının Xankəndidə ucaldılması və Qarabağın tam azadlığı münasibətilə hər kəsi təbrik edib. 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Şuşaya səfərlərindən bəhs edən S.Raev bu əzəmətli şəhərin təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mənəviyyat mərkəzi, qürur yeri olduğunu vurğulayıb.

Mərasimdə TÜRKSOY müstəvisində teatr sahəsində əməkdaşlığın qurulmasında mühüm xidmətləri olan ADMİU-nun kafedra müdiri Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilova təşkilatın 30 illik yubiley medalı təqdim olunub.