III “Qorqud Ata” kinofestivalından təəssürat
Respublikamızın ev sahibliyi etdiyi III “Qorqud Ata” Türk Dünyası Film Festivalında (8-11 oktyabr) ümumilikdə 30-dan bədii (tam və qısametrajlı) və sənədli ekran əsəri nümayiş olundu. Onlardan bir neçəsi haqqında “Mədəniyyət”in ötən saylarında bəhs edilib. Bu yazıda festivalda seyr etdiyimiz dörd qısametrajlı filmdən söz açacağıq.
“Atlar” (“Dağ adamının qanadları. Qaraçay atları”)
Kabardin-Balkar Respublikasından (Rusiya Federasiyası) rejissor Maqomed Kumıkovun festivala təqdim etdiyi film Qaraçay atlarından bəhs edir. Kadrarxası mətnin sovet teleməkanının məşhur “Heyvanlar aləmində” verilişinin aparıcısı Nikolay Drozdovun oxuması filmin cəlbediciliyini daha da artırır.
Atlar tarix boyu gözəllik, sədaqət və dözüm rəmzi olublar. Filmin qəhrəmanı olan Qaraçay atları ilin dörd fəslinin fonunda təqdim edilir. Film boyunca Elbrus dağının yamaclarının sərt gözəlliyi, bu sərt gözəllikdən doğmuş Qaraçay atları, bu cinsin qorunub-saxlanılmasından ötrü hər şey edən atçıların fəaliyyəti informativ dillə romantik bir halədə təqdim edilir. Filmdən öyrənirik ki, bir ara sayı azalıb yox olmaq təhlükəsi ilə üzləşən Qaraçay at cinsi indi inkişaf dövrünü yaşayır. Onu doğuran xalq kimi çılğın, güclü, zəhmətkeş və şıltaqlıqdan uzaq xasiyyətə malik Qaraçay atlarının müxtəlif yaş dövrlərində görünüşü, davranışı son dərəcə gözəl təbiət fonunda üzvilik, harmoniya dolu kinohekayə təəssüratı yaradır.
“Mamu”
Qaqauz rejissoru Mixail Rezunetin “Mamu” (“Ana”) qısametrajlı bədii filmi bir çox meyarlar üzrə bu janrın bütün tələblərinə cavab verən ekran işidir. Əvvəlcə filmin yaradıcıları Qaqauziyada (Moldovanın Qaqauz Yeri muxtar bölgəsi) vaxtilə yaşanmış aclığı ekrana gətirmək istəyirmişlər. Lakin bu mövzu qısametrajlı film formatına uyğun gələ bilməzdi. Ssenari müəllifi qaqauz şair və yazıçısı Fyodor Zanet baş qəhrəmanda öz anasının obrazını təsvir edib. Bu rolda isə Beşgiöz kəndinin sakini 88 yaşlı Mariya Stoyanova çəkilib. Süjetin mərkəzinə qoyulan obraz filmin adını tamamilə əks etdirir.
Film qoca qarının Tanrıdan əmin-amanlıq və ruzi diləyən duası ilə başlayır. Əlində kağıza bükülmüş iki karamel konfeti var: nəvələrinə pay saxlamış nənə obrazı. Otağın görünüşü onun kasıb həyat tərzi sürdüyündən xəbər verir, hətta yatdığı taxt boyundan qısa olduğuna görə dizlərini qatlayıb yatdığını görürük. Amma bütün bunlara baxmayaraq, çöhrəsində göyçəkliyinin hələ də qaldığını sezməmək mümkün deyil.
Gəlini qarının qarşısına bir parça çörək və bir fincan çay qoyur. Qarı çörəkdən bir tikə qoparıb ağzına qoyub çay içmək istəyəndə gözləri zəif olduğu üçün əli fincana toxunur, çay yerə dağılır. Filmin bütün epizodlarında, əslində, bu evin sakinlərinin daxili vəziyyətinin çox dağınıq olduğu qabarır.
Ailənin bir yerə yığıldığı süfrə açılmır, hərə evin, həyətin bir tərəfindədir: qarının oğlu bostanda işləyir, gəlini ev işləri ilə məşğuldur, arada telefonla danışır, kiməsə güzəranından gileylənir. Qarı isə bu evin əvvəlki rahatlıq və toxluq saçan atmosferini qaytarmağa çalışır – gəlininə deyir ki, xəmir yoğur, çörək bişir. Lakin gəlin işlərinin onsuz da çox olduğunu səbəb göstərib bu işi qayınananın öhdəsinə buraxır. Qarı qalxıb həyətdə böyük bir ləyəndə xəmir yoğurmağa başlayır. Amma xəmiri yoğurub qurtarandan sonra acımaq üçün üstünü örtmək istəyəndə ləyəni masanın üstündən yerə aşırdır. Gəlin deyinə-deyinə ordan uzaqlaşır. Qarı isə yerə çömbəlib xəmiri əlləri ilə yenidən ləyənə toplayır. Otağına çəkilib ailəvi çəkdirdiyi cavanlıq fotosuna baxıb gülümsəyir. Sonra əsasına dayaqlanıb evdən çıxıb gedir. Son kadr bundan ibarət olur...
Qarını canlandıran Mariya Stoyanovanın oyun estetikası son dərəcə ifadəlidir. Az danışır, lakin üz ifadəsi, davranışı, hər bir hərəkəti o qədər məzmunludur ki, tamaşaçı təsirlənməyə bilmir. Şübhəsiz, bacarıqlı rejissor, operator və montajçı olmadan bu effekt alına bilməzdi. Ekran əsəri bayağı sentimentallıqdan çox uzaqdır. “Mamu” yaşlı nəslin mənəvi sıxıntılarını, cavan nəslin də (özü sosial çətinliklər məngənəsində qaldığı üçün) bu sıxıntıları azalda bilməməsini real cizgilərlə göstərir.
“Dombra”
Dağıstanlı (Noqay bölgəsi) rejissor Arslan Bakiyevin yarısənədli, yarıbədii filmi sırf nəsihət tərzində, hətta vizual əyani vəsait təsirində olan, sxolastik bir filmdir.
Sinif yoldaşları ilə məktəbdən evə qayıdarkən bir yeniyetmə oğlan ayaq saxlayır, dombra ustasının işi onun diqqətini cəlb edir. Yoldaşlarından aralanıb emalatxanaya daxil olur və bu işdə saç ağartmış ustadan (Dağıstanın Əməkdar artisti, noqay dombrasının yeganə bərpaçısı Alibiy Romanov) nə işlə məşğul olduğunu, əlindəki əşyanın adını xəbər alır. Usta yeniyetmənin dombra ilə maraqlanmasından çox xoşhal olur və bu qədim musiqi aləti ilə bağlı danışmağa başlayır. Yeniyetmə oğlan belə hekayətləri çox sevdiyini, sabah yenilərini dinləməyə gəlmək və dombra düzəltməyi öyrənmək istədiyini deyir. Usta bundan daha da məmnun olur. Oğlan ustaya telefon nömrəsini də verib gedir. Amma ertəsi gün dediyi saatda gəlib çıxmır. Usta ona zəng edir. Dəstəyi anası götürüb deyir ki, oğlunun dombra ustasının yanında işi yoxdur, bu onunçün gərəksiz bir məşğuliyyətdir və oğlunu daha gərəkli məşğuliyyət olan ingilis dili məşğələsinə göndərib. Usta məyus-məyus başını yelləyib dəstəyi yerinə qoyur.
Film tamaşaçıya dombra ilə bağlı çox maraqlı hekayətləri quru, didaktik tərzdə çatdırır. Həm də bu didaktiklik birtərəflidir – hər hansı yeniyetmə xalqının qədim bir aləti ilə də maraqlana bilər, ingilis dili məşğələsinə də gedə bilər. Hətta ingilis dilini öyrənməsi gələcəkdə xalqının tarixini dünyaya yaymaqda ona kömək edə bilər. Amma filmdə bu iki məşğuliyyətin qarşı-qarşıya qoyulması artıq bir yanaşmadır...
“Poçtalyon”
Qırğızıstanlı rejissor İbadulla Adjibayevin filmi dağ kəndində bir poçt işçisinin peşəsinə, vəzifəsinə məsuliyyətli münasibətinin müfəssəl və ifadəli ekran həlli sayıla bilər. Klassik sənədli film üslubunda çəkilmiş ekran əsərində ilk kadrdan sonuncusunadək ucqar dağ kəndinin poçtalyonunun iş günü, camaatla ünsiyyət mədəniyyəti, məsuliyyəti pafosdan uzaq detallarla canlanır.
Leylək rayonunun Kok-Taş kəndində poçtalyon işləmək böyük səbir və dözüm tələb edir. Həm də kadr çatışmazlığı üzündən o, Tacikistanla sərhəddə yerləşən Deyne kəndinin poçt işlərini də yoluna qoyur. Bu isə dağ yollarını bütün fəsillərdə piyada qət etmək deməkdir. Bütün bu çətinliklərə baxmayaraq, poçtalyonun məsuliyyəti sayəsində hər iki kəndin əhalisi pensiya və müavinətlərini vaxtlı-vaxtında alır.
Filmin rejissorunun tərcümeyi-halı da marağımızı doğurdu. İbadulla Adjibayev ixtisasca həkimdir, həmçinin kinoemalatxana təhsili görüb, mətbuat sahəsində çalışır, təsviri sənətlə maraqlanır, musiqi əsərləri də bəstələyir. Çəkdiyi sənədli filmlər bir çox festivallarda iştirak edib.
Ümumiyyətlə, III “Qorqud Ata” Türk Dünyası Film Festivalının doğurduğu təəssürat çox fərqlidir; filmlər, onların yaradıcıları, ərsəyə gətirdikləri işlər kimi. Bütün hallarda ən parlaq təəssürat festivalın özüdür – festival varsa, filmlər çox, təəssürat isə bol olacaq...
Samirə Behbudqızı