Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1997-ci il 20 aprel
Prezident Heydər Əliyev Xalq artisti, görkəmli səhnə ustası Nəsibə Zeynalovanı 80 illiyi münasibətilə təbrik edib. “60 illik səhnə həyatınız yeni nəsillər üçün sənətə sonsuz sədaqət və əsil fədakarlıq nümunəsidir”, – deyə təbrik məktubunda vurğulanırdı.
1997-ci il 21 aprel
Kalmikiyanın Xalq şairi David Kuqultinova 75 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
1997-ci il 26 aprel
Azərbaycanın, Rusiyanın və SSRİ-nin Xalq artisti Lyudmila Zıkinanı yaradıcılıq fəaliyyətinin 50 illiyi münasibətilə təbrik edib.
1997-ci il 29 aprel
Prezident Sarayında görkəmli musiqiçi Mstislav Rostropoviç, onun xanımı Qalina Vişnevskaya və ailəsinin digər üzvləri ilə görüşdə çıxış edib.
“...Mən şad oldum ki, dəvətinizi alıb Parisə gəldim, orada Sizin 70 illiyinizə həsr olunmuş mərasimlərdə iştirak etdim. Bu mərasimlər çox əla keçdi, mənə silinməz təəssürat bağışladı. Sevinirdim ki, dostumuz, həmyerlimiz belə geniş beynəlxalq nüfuza malikdir... Bununla yanaşı, Paris Parisdir, Moskva Moskvadır, Bakı isə planetimizin görkəmli adamı olan Mstislav Rostropoviçin dünyaya gəldiyi torpaqdır. Sizin dəvəti qəbul edib bizə təşrif gətirməyiniz bir daha sübut edir ki, keçmişdə nə varsa hamısını, öz mənşəyinizi, doğulduğunuz torpağı yüksək qiymətləndirirsiniz.
...Burada 70 illiyinizi qeyd etməyimizlə əlaqədar mən bu gün Sizin Azərbaycanın yüksək ordeni – “Şöhrət” ordeni ilə təltif olunmağınız haqqında fərman imzaladım. Gördüyünüz kimi, bu necə böyük xoşbəxtlikdir: Siz şöhrətlisıniz və Azərbaycanın yüksək mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilmisiniz...”.
***
Həmin gün Mstislav Rostropoviçin 70 illiyinə həsr edilmiş yubiley şənlikləri çərçivəsində R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində Azərbaycan incəsənət ustalarının konsertində olub.
1997-ci il 30 aprel
Bakı Musiqi Akademiyasında maestro M.Rostropoviçin şərəfinə təşkil edilmiş təntənəli mərasimdə iştirak edib.
1997-ci il 2 may
Respublika Sarayında Mstislav Rostropoviçin 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində iştirak edib.
“...Bu gün biz simfonik musiqidən ibarət gözəl konsertin şahidi olduq. Bir azərbaycanlı, Azərbaycanın Prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı belə zəngin mədəniyyətə, zəngin incəsənətə, peşəkar musiqiyə malikdir. Azərbaycanda peşəkar musiqinin əsasını böyük Üzeyir Hacıbəyov qoyubdur. Onun məktəbi, tələbələri, silahdaşları XX əsrdə Azərbaycanda çox yüksək musiqi mədəniyyəti yaradıblar. Biz bununla fəxr edirik. Əziz Slava, bütün bunlarda 20-ci illərin əvvəlində Azərbaycana gəlmiş Sizin atanızın böyük xidməti var. O, Azərbaycanın qabaqcıl insanları ilə birlikdə, böyük Üzeyir Hacıbəyovla birlikdə peşəkar musiqinin, ali musiqi təhsilinin əsasını qoymuşdur... Bu gün mən qərar qəbul etmişəm ki, Sizin doğulduğunuz, valideynlərinizin yaşadıqları, Sizin uşaqlıq illərinizin keçdiyi mənzil indən belə Rostropoviçlərin xatirə ev-muzeyi olacaqdır...”.
1997-ci il 6-7 may
Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankaranın küçələrindən birinə – 3-cü caddəyə Azərbaycan prospekti adı verilməsinə həsr olunmuş mərasimdə çıxış edib. Bilkənd Universitetinin qurucusu həkim və alim Ehsan Doğramacı ilə görüşüb. Toğrul Qəniyevin dirijorluq etdiyi Bilkənd Universiteti akademik orkestrin konsertinə baxıb. Ankara Dövlət Opera və Balet Teatrında olub, Əhməd Adnan Sayqunun “Yunis Əmrə və sevgi” oratoriyasına tamaşa edib.
İzmirdə “Bakı” parkının və “Heydər Əliyev” bulvarının açılışında (7 may) nitq söyləyib.
“...Biz bu günlərdə bir daha gördük, bir daha hiss etdik ki, türk və Azərbaycan xalqlarının dostluq və qardaşlığı nə qədər dərindir, güclüdür, nə qədər möhkəmdir. Əgər tarixi götürsək, bizim tariximiz də, keçmişimiz də, dilimiz də, dinimiz də, adət-ənənələrimiz də, musiqimiz də, mədəniyyətimiz də birdir. Biz böyük bir çinar ağacının budaqlarıyıq və bu da o qədər möhkəm çinardır ki, əsrlər boyu onu nə qədər silkələdilərsə də, yıxmaq istədilərsə də, bizi bir-birimizdən ayırmaq istədilərsə də bacarmadılar. Bizim qəlbimiz, bizi bir-birimizə bağlayan tellər, mənəviyyat dostluğumuzu, qardaşlığımızı, birliyimizi qorudu, saxladı...
İzmir şəhəri ilə Azərbaycanın paytaxtı, başkəndi Bakı şəhəri arasında on iki il bundan öncə qardaşlıq haqqında müqavilə imzalanması böyük hadisə olmuşdur. Xatirimdədir, Bakı dünyanın bir çox şəhərləri ilə qardaşlaşmışdı. Amma Türkiyə şəhərləri ilə bizim şəhərlərimizin qardaşlaşmasına yol vermirdilər. Amma on iki il bundan öncə İzmir ilə Bakı arasında yaradılmış əlaqələr yeni qardaşlaşma əlaqəsi deyildi, – biz doğulandan qardaşıq, ata-babalarımız, ulu babalarımız qardaş olublar, biz doğma qardaşıq.
Türkiyə-Azərbaycan, İzmir-Bakı daim qardaş olublar, bu gün də qardaşdırlar, gələcəkdə də qardaş olacaqlar. Bunun da təzahürü olaraq Bakıda ən gözəl parklardan birinə “İzmir” adı verilibdir. Mən çox məmnunam ki, burada, İzmir şəhərində də, bu sahildə parkın gözəl bir hissəsinə “Bakı” adı verilibdir.
...Bu, bizim dostluq, qardaşlıq əlaqələrimizdə bir zərrədir. Amma zərrə-zərrə göl olur, dərya dolur. Bax, bu zərrələrlə biz ümumi Türkiyə-Azərbaycan dostluğunu daha da genişləndirməli, gücləndirməliyik...”.
1997-ci il 23 may
Azərbaycan musiqisinin pərəstişkarı və ifaçısı, ABŞ-də yaşayan Cefri Verbaxı və onun həyat yoldaşı Aynur xanımı qəbul edib.
Hazırladı: V.Orxan