TÜRKSOY Daimi Şurasının Şuşa şəhərini 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan etməsi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən marka hazırlanıb.
Oktyabrın 14-də I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” poçt markasının “birinci gün zərfi”nin rəsmi möhürlənmə mərasimi keçirilib.
Markalara TÜRKSOY-un baş katibi Sultan Raev və Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən möhür vurulub, imzalar atılıb.
“Azərpoçt”un şöbə müdiri Sitarə Hüseynova bildirib ki, buraxılış 1 markadan ibarət blok şəklində, 5000 tirajla hazırlanıb. Blokun üzərində “Şuşa-2023” loqosu, TÜRKSOY-a üzv ölkələrin bayraqları və Şuşanın atributları həkk olunub. Markadakı təsvirlərin müəllifi rəssam Orxan Qarayevdir.
Qeyd edək ki, 2022-ci ildə Şuşa şəhərinin 270 illik yubileyi ilə bağlı 21 növdə müxtəlif poçt markaları dövriyyəyə buraxılıb. Markaların üzərində Şuşanın tarixi, mədəniyyəti və görkəmli xadimləri ilə bağlı məlumat öz əksini tapıb. Bununla bağlı “Şuşa poçt markalarında” adlı kitab da nəşr olunub.