“Türk dünyasının mədəniyyət paytaxtı” estafetini 2024-də Türkmənistanın Anev, 2025-də isə Qazaxıstanın Aktau şəhərləri qəbul edəcək

 

Oktyabrın 13-14-də Şuşada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçirildi. Tədbir Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşdi.

İclası cari ildə TÜRKSOY dönəm koordinatorluğunu yerinə yetirən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli açaraq iştirakçıları salamladı. Nazir iclasın əhəmiyyətini vurğulayaraq müzakirə olunacaq bir sıra məsələlərin olduğunu bildirdi.

TÜRKSOY-un baş katibi Sultan Raev builki iclasın əhəmiyyətli bir ilə təsadüf etdiyini bildirdi. Qeyd etdi ki, bu il təşkilatın qurucu üzvlərindən Türkiyə Cümhuriyyətinin 100 illik, TÜRKSOY-un isə yaradılmasının 30 illik yubileyləridir. Diqqətə çatdırıldı ki, toplantıda ənənəvi olaraq TÜRKSOY-un fəaliyyəti, Daimi Şuranın 39-cu iclasından ötən bir ildə görülən işlər nəzərdən keçiriləcək, 2024-cü il üçün planlar açıqlanacaq, müvafiq qərarlar qəbul ediləcək.

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev iclasın mühüm qərarlarla yadda qalacağını vurğuladı.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qeyd etdi ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bununla bağlı tədbirlər haqqında Prezident İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanıb. Sərəncama uyğun olaraq, Şuşada müxtəlif tədbirlər həyata keçirilib.

Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Kayrat İmanaliyev Şuşada olmasından məmnunluğunu söylədi, iclasda alınacaq qərarların ölkələrimizin gələcək əməkdaşlığına töhfə verəcəyinə əminliyini bildirdi.

Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahodir Axmedov son illər Türk dünyasının müxtəlif əhəmiyyətli layihələrə imza atdığını dedi. Qeyd etdi ki, bu layihələr xalqımızın birliyini daha da gücləndirəcək.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində düşməndən azad edilmiş Şuşada belə bir iclasın keçirilməsinin təqdirəlayiq olduğunu söylədi. O, iki il əvvəl Şuşaya səfər etdiyini, bu müddətdə şəhərin çox gözəlləşdiyini vurğuladı.

Şimali Kipr Türk Cümhuriyyəti Baş nazirinin müavini – turizm, mədəniyyət, yaşayış və ətraf mühit naziri Fikri Ataoğlu Türk dünyasının bir araya gəlməsi adına TÜRKSOY-un missiyasını yüksək qiymətləndirdi, Şimali Kiprin Türk dünyasının bir parçası olmasından qürur duyduqlarını dedi.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və başqalarının çıxışları da dinlənildi.

İclas daha sonra qapalı formatda işini davam etdirdi.

***

Oktyabrın 14-də TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasının yekun tədbiri təşkil edildi.

Mədəniyyət naziri Adil Kərimli iclasın uğurlu keçdiyini, qəbul olunmuş qərarların həm TÜRKSOY, həm də üzv dövlətlər üçün faydalı olacağını vurğuladı.

Sonra iclasda bir sıra məsələlər üzrə qəbul olunmuş qərarlar açıqlandı.

 

Müştərək kino istehsalına dəstək, xatirə illəri, yeni “paytaxt”lar

 

Qeyd olundu ki, Azərbaycan Mədəniyyət Nazirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təklifləri əsasında türk dövlətləri arasında müştərək kino istehsalını dəstəkləyəcək mexanizmin qurulması məqsədilə TÜRKSOY-a üzv ölkələrdən professionalların yer alacağı bir işçi qrupunun yaradılması qərara alınıb.

Daimi Şura 2025-ci ilin TÜRKSOY-a üzv olan ölkələrdə Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin (1925-2009), Qazaxıstanın Xalq Qəhrəmanı, bəstəkar Nurgisa Atabayoğlu Tilendiyevin (1925-1998) 100 illik, Qırğızıstanın Xalq artisti, bəstəkar və ifaçı Atay Ogonbaevin (1900-1949), Türkiyənin tanınmış xalq musiqi sənətkarı və bəstəkarı Münir Nurettin Selçukun (1900-1981) 125 və Kipr türklərinin saz-söz ustası Aşıq Kenzinin 230 illik yubileyləri münasibətilə anım ili olaraq elan edilməsini qərarlaşdırıb.

2024-cü ildə Türkmənistanın Anev şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” olacaq. 2025-ci ildə isə bu estafeti Qazaxıstanın Aktau şəhərləri qəbul edəcək.

İclasda TÜRKSOY Daimi Şurasının növbəti, 41-ci iclasının gələn ilin sonlarında Türkmənistanın Anev şəhərində keçirilməsi qərara alınıb. Həmçinin təşkilatın fəaliyyəti ilə bağlı maliyyə məsələlərinin tənzimlənməsi, kadr, vəzifə və iş qaydaları və s. məsələlər üzrə qərarlar qəbul edilib.

Sonda mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev və quruma üzv olan ölkələrin nümayəndələri tərəfindən iclasda alınan qərarlarla bağlı sənədlərə imzalar atıldı.

Xatırladaq ki, TÜRKSOY Daimi Şurasının 39-cu iclası ötən ilin noyabrında Bursada keçirilib. Həmin toplantıda 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” estafeti Şuşa şəhərinə, təşkilatda dönəm koordinatorluğu isə Azərbaycana keçmişdi.

Nurəddin Məmmədli