Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 17 oktyabr Füzuli Şəhəri Günüdür.

Bu münasibətlə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə təntənəli şəhər günü tədbiri keçirildi.

Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak edirdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli Şəhəri Günündə bu ilin avqustundan doğma yurdlarına qayıtmış bir qrup Füzuli sakini ilə görüşdü, səmimi söhbət etdi.

Sonra Füzuli Şəhəri Gününün geniş qala-konserti təqdim edildi. Tanınmış incəsənət ustalarının ifasında xalq və bəstəkar mahnıları səsləndirildi.

Konsertdən sonra dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş “Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!”, “Ümummilli lider Heydər Əliyev və Füzuli”, “Füzuli rayonu – işğaldan öncə və işğaldan sonra” adlı, həmçinin Füzuli ərazisindəki Yedditəpə kurqanları arxeoloji abidəsindən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin yer aldığı sərgilərlə tanışlıq oldu.

Qonaqlar “Füzuli” guşəsində M.Füzulinin müxtəlif əsərləri əsasında hazırlanmış kompozisiyaları izlədilər. Şairin şeirləri səsləndirildi. Rəssam tərəfindən dahi şairin portreti yaradıldı. Əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Tədbir məkanında “Yüz tar” adlı kompozisiya təqdim olundu. Ustad tarzənlər, uşaq, yeniyetmə və gənclərdən ibarət 100 nəfər tarzənin birgə ifası maraqla qarşılandı.

Sonra tədbir iştirakçıları və qonaqlar Azərbaycan milli mətbəx nümunələrindən daddılar.

Şəhər günü tədbiri çərçivəsində axşam növbəti konsert təqdim olundu. Əslən Füzulidən olan tanınmış müğənnilər Murad Arif və Günay İbrahimlinin ifasında musiqi nömrələri, eləcə də “Natiq” ritm qrupunun “Dəmir yumruq” kompozisiyasından ibarət konsert tamaşaçılar tərəfindən hərarətlə qarşılandı.

Füzuli Şəhəri Günü atəşfəşanlıqla başa çatdı.

***

Füzuli şəhərinə qayıdan sakinlər bayram tədbirini böyük qürur hissi ilə, sevinclə, minnətdarlıqla qarşılayırdılar. Həmsöhbət olduğumuz Xatın Şirinova işğala qədər şəhərin Mobil Hacıyev küçəsində yaşayıb: “Ermənilər bütün düzənimizi pozdular. Yurdumuzu tərk elədik, çadırlarda yaşadıq. Var olsun Ordumuz, Ali Baş Komandanımız, torpaqlarımızı azad elədilər. Artıq öz yurdumuzdayıq. O qədər xoşbəxtik ki. Hər cür şəraitimiz var. Binamızın pəncərəsindən baxanda ermənilərin dağıtdığı yurdumuzun xarabalığı görünür. Düşmən bizə unutmayacağımız pisliklər elədi”.

Digər sakin Mübariz Qasımov deyir ki, Füzulini 13 yaşı olanda tərk ediblər: “44 yaşımda şəhərimizə qayıtdıq. Düşmən bu şəhərdə bircə nənəmgilin evini dağıtmamışdı. O, vaxtilə Füzuli avtovağzalında çörək satırdı. Ustayam, doğma şəhərimin quruculuğunda can-başla işləyirəm. Həm yüksək əməkhaqqı alır, həm də sakinlərimizin yaşayışı üçün şərait yaradırıq. İşlər üç növbədə aparılır. Uşaqlarım burada özlərini xoşbəxt hiss edirlər”.

19-20 sentyabr 2023-cü il tarixində Qarabağda keçirilən lokal antiterror əməliyyatında şəhid olan Ülvi Mehdiyevin babası Rəşid Abbasov Birinci Qarabağ müharibəsində döyüşüb. 1994-cü ildə rayonun bir sıra yaşayış məntəqələrinin azad olunmasında iştirak edib: “Var olsun Prezidentimiz, Ordumuz, çox qısa müddətdə torpaqlarımız azad edildi. Çox şadıq, hər cür şəraitimiz var. Övladlarım da burada işlə təmin olunub. Şükür, bu günlərə, artıq öz elimizdəyik”.

***

İşğaldan öncə respublikamızın iri yaşayış məntəqələrindən olan Füzuli rayonu 1930-cu ildə təşkil olunub. Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında yaradılan rayona Qaryagin adı verilib. 1959-cu ildə böyük şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılıb.

Rayonun Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, Cəlil türbəsi (XVIII əsr), Aşağı Veysəlli kəndində XIII əsrə aid Mirəli türbəsi, Qoçəhmədli kəndində XVIII əsrə, Horadiz, Qacar, Merdinli və s. kəndlərdə XIX əsrin yadigarı olan məscid binaları, Aşağı Ayıbasanlı kəndində İbrahim türbəsi (XVIII əsr), Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri və s. dini və mədəniyyət abidələri var idi.

1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun kəndlərinin böyük hissəsi, həmin ilin oktyabrında isə rayonun Arazboyu yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Füzulililər öz doğma torpaqlarından məcburi köçkün düşərək respublikanın 50-dən çox rayon və şəhərində məskunlaşıblar. İşğal zamanı ermənilər tərəfindən bütün infrastruktur obyektləri, o cümlədən tarixi, dini-mədəni abidələr yerlə yeksan edilib.

1994-cü ilin yanvarında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Şərqi Zəngəzuru və Qarabağı düşməndən azad edərək şanlı Qələbə qazanıb. Vətən müharibəsində Füzuli şəhəri də daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib.

Müharibədən qısa müddət sonra azad olunmuş ərazilərdə, o cümlədən Füzuli şəhərində geniş bərpa və quruculuq işləri başlanıb.

Artıq Füzuli şəhəri öz sakinlərinə qucaq açır. Bu ilin avqust ayından 258 ailənin (928 nəfər) doğma şəhərdə daimi məskunlaşması təmin edilib.

Fariz Yunisli
Bakı-Füzuli-Bakı