Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Akademik Kamal Talıbzadə” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.

İnstitutdan bildirilib ki, kitab “Sənətkarın elmi pasportu - 42” seriyasına uyğun olaraq hazırlanıb. Akademik Kamal Talıbzadənin anadan olmasının 100 illiyinə həsr edilən nəşr Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə işıq üzü görüb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli nəşrə “Ədəbi-tənqidi fikrin patriarxı” başlıqlı “Ön söz” yazıb. O, görkəmli Azərbaycan tənqidçisi, akademik Kamal Talıbzadənin zəngin yaradıcılığını yüksək qiymətləndirib. Kitabın tərtibçisi institutun Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli, redaktoru filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə, məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin əməkdaşlarının hazırladığı kitabda akademik Kamal Talıbzadənin həyat və sənət yolundan bəhs olunur. Kitabda yubilyarın ömür yoluna aid müxtəlif fotolar da yer alıb.