Görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı Almaniyanın “Erqon-Nomos” nəşriyyatının “Bibliotheca Academica” – şərqşünaslıq sahəsində seçilmiş nəşrlər seriyasında çap edilib. Kitab Giesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə edilib.
Berlin Azad Universitetində dahi şairimiz İmadəddin Nəsimi mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş professor Hess azərbaycanlı və avropalı oxuculara “Şuşanın irsi” kitabının müəllifi kimi də tanışdır.
Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasını 1958-ci ildə genişləndirərək “Füzuli sənətkarlığı” adı altında monoqrafiya kimi nəşr etdirib.
Şərqşünas-alim Hess kitaba yazdığı “Giriş sözü”ndə həm Füzuli, həm də Mir Cəlal dövrünün ədəbi və tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilini aparıb. Alman alim sovet rejimi tərəfindən ədəbiyyata tətbiq olunan qadağalara və edilən müdaxilələrə dair Qərb oxucusu üçün izahlar verərək yazır ki, dövrün ideoloji məhdudiyyətlərinə baxmayaraq, Mir Cəlal Füzulini milli şair kimi araşdırmağa və təqdim etməyə nail olub.