Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun 125 illiyi münasibətilə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında gənclər arasında “25-ci kadr – kinoMƏNlərin intellekt savaşı” adlı turnir keçirilir.

Layihə Azərbaycan Kinematoqrafçılar İttifaqı, Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə icra olunur.

İctimai birliyin sədri Ramin Mahmudovun verdiyi məlumata görə, layihənin məqsədi 125 yaşlı Azərbaycan kinosunun gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin olunmasıdır.

Layihə çərçivəsində qeyd olunan rayonlarda keçirilən tədbirlərdə ümumilikdə 200-dən çox gənc iştirak edib.

Bütün regionlarda seçim turlarının qalibləri noyabrın 4-də Quba rayonunda keçiriləcək final mərhələsində oynamaq hüququ əldə edəcəklər.