Tbilisidə heykəltaraş tələbələrin “Şəhər təəssüratı” adlı beynəlxalq sərgisi keçirilib.

Bildirək ki, 4-6 oktyabr tarixlərini əhatə edən sərgi bu ilin iyulunda Gürcüstanın Memarlar və Heykəltaraşlar Assosiasiyası (TASA) tərəfindən təşkil edilən beynəlxalq heykəltəraşlıq festivalı çərçivəsində tələbələr arasında keçirilən müsabiqənin yekunlarına həsr olunub.

Müsabiqəyə Gürcüstan, Azərbaycan, Litva və s. ölkələrdən tələbələr əl işlərini təqdim ediblər.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) layihədə iki tələbə ilə təmsil olunub. Nuridə İsmayılova I yerə, Zaur Qəhrəmanov II yerə layiq görülüb. Qaliblərə müvafiq olaraq qızıl və gümüş medallar və pul mükafatı təqdim edilib.

Nuridə İsmayılova müsabiqəyə özünün diplom işi olan “Görüş” əsərini təqdim etdiyini deyib: Müəllimlərim, xüsusilə Xalq rəssamı, professor Fuad Salayevin tövsiyəsi ilə diplom işimi müsabiqə üçün təqdim etdim. Çoxsaylı iştirakçılar arasından birinciliyi qazanacağımı heç düşünmürdüm. Məhz müəllimlərimin inamı və dəstəyi sayəsində mən bu birinci yerə layiq görüldüm. Bu təkcə mənim adım deyil, müəllimlərimin, ən əsası isə ölkəmizin adıdır”.

Zaur Qəhrəmanov isə müsabiqədə qalib olan “Qarabağ atı” əsərinin kompozisiya dərsi üçün ərsəyə gətirdiyini bildirib. “Hörmətli müəllimim, rektorumuz Xalq rəssamı Natiq Əliyev bu işimi bəyənərək onu bir qədər böyük formata salmağımı, obrazda olan dinamikanı, plastikanı, həcmi qrafik formada verməyi məsləhət gördü. Nəticədə həm yaradıcılıq üslubumu tapmış oldum, həm də bu əsər mən beynəlxalq müsabiqədə qalibiyyət gətirdi. Bu uğur bizə növbəti beynəlxalq sərgilərdə, müsabiqələrdə iştirak etmək üçün böyük stimul yaratdı”, – deyə Z.Qəhrəmanov vurğulayıb.