Azərbaycan

 

21 oktyabr 1932 – Xalq şairi, ədəbiyyatşünas, ictimai xadim Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov; 1932 – 22.6.1994) Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 1988-ci ildə başlanan milli-azadlıq hərəkatında iştirak edib, 1990-cı ilin 20 Yanvar qırğınından sonra həbs edilib, Moskvada Lefortovo həbsxanasında saxlanılıb. Kitabları: “Hara gedir bu dünya”, “Məndən başlanır vətənim”, “Türkün dünyası” və s.

21 oktyabr 1932 – Əməkdar mədəniyyət işçisi, aşıq Kamandar Həmid oğlu Əfəndiyev (1932 – 26.10.2000) Gürcüstanın Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində doğulub. 1987-ci ildə Tbilisidə Beynəlxalq xalq yaradıcılıq festivalının laureatı olub.

21 oktyabr 1935 – Əməkdar elm xadimi, ədəbiyyatşünas, professor Fəridə Ağaəli qızı Vəlixanova (1935 – 4.9.2023) anadan olub. Azərbaycanda tərcüməşünaslıq elminin ilk tədqiqatçısıdır.

21 oktyabr 1938 – Ədəbiyyatşünas alim, şair Əmin Abid (Əmin Mütəllib oğlu Əhmədov; 1898–1938) vəfat edib. Azərbaycan ədəbiyyatı tarixinə dair monoqrafiyaların, milli-azadlıq ruhlu şeirlərin müəllifidir. Repressiya qurbanı olub.

21 oktyabr 1941 – Əməkdar incəsənət xadimi, aşıq Hüseyn Bozalqanlı (Hüseyn Cəfərqulu oğlu Quliyev; 1863-1941) vəfat edib. Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub.

 

22 oktyabr 1919 – Bəstəkar Ərtoğrul Cavid (Rasizadə; 1919 – 14.10.1943) anadan olub. Böyük şair və dramaturq Hüseyn Cavidin oğludur. Romans və mahnılar bəstələyib. Azərbaycan xalq mahnılarını nota köçürüb.

22 oktyabr 1920 – Nasir Məmməd Aranlı (Məmməd Salman oğlu Ağayev; 1920-1950) Ağcabədidə anadan olub.

22 oktyabr 1921 – Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Kamil Müseyib oğlu Əliyev (1921 – 1.3.2005) İrəvan şəhərində doğulub. “Füzuli”, “Nəsimi”, “Nizami” portret-xalçalarının müəllifidir.

22 oktyabr 1929 – Tanınmış filosof, akademik Fuad Feyzulla oğlu Qasımzadə (1929 – 3.8. 2010) Bakıda doğulub. Böyük mütəfəkkir şair M.Füzulinin fəlsəfi dünyagörüşü ilə bağlı tədqiqatların müəllifidir.

22 oktyabr 1940 – Tərcüməçi, publisist, Əməkdar jurnalist Mailə Balabəy qızı Muradxanlı (1940-2010) Salyan şəhərində anadan olub.

22 oktyabr 1970 – Azərbaycanda kukla teatrının yaradıcılarından biri, aktyor, rejissor Molla Ağa Bəbirli (15.9.1905 – 1970) vəfat edib. 

22 oktyabr 1990 – Əməkdar artist Narınc Murad qızı Məlikova (1917-1990) vəfat edib. Füzuli və Ağdam teatrlarında aktrisa kimi fəaliyyət göstərib.

22 oktyabr 2020 – Əməkdar mədəniyyət işçisi, şair İsmayıl Cabir oğlu Dadaşov (23.3.1957 – 2020) vəfat edib. “Azərbaycanfilm”də musiqi redaktoru işləyib.

22 oktyabr 2021 – Xalq artisti, xanəndə Canəli Xanəli oğlu Əkbərov (10.3.1940 – 2021) vəfat edib. Opera tamaşalarında baş rollarda (Məcnun, Kərəm, Aşıq Qərib, Şah İsmayıl və s.) çıxış edib.

 

23 oktyabr 1953 – Tanınmış xanəndə Səxavət Əmirxan oğlu Məmmədov (1953 – 30.9.1991) Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub. Xalq mahnıları, muğam və təsniflərin mahir ifaçısı olub. Avtomobil qəzasında dünyasını dəyişib.

23 oktyabr 2002 – Prezident Heydər Əliyev böyük şair və dramaturq Hüseyn Cavidin 120 illik yubileyi haqqında sərəncam imzalayıb.

23 oktyabr 2022 – Əməkdar artist, ustad xanəndə Süleyman Cümşüd oğlu Abdullayev (14.2.1939 – 2022) vəfat edib.

 

24 oktyabr 1882 – Böyük şair-dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 1882 – 5.12.1941) Naxçıvanda anadan olub. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin (“İblis”, “Topal Teymur”, “Şeyx Sənan”, “Xəyyam” və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə sürgündə vəfat edib. 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.

24 oktyabr 1919 – Azərbaycan Xalq Cümhuriyyəti hökumət və parlament üzvlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı olub. Hökumətin 1918-ci il 9 oktyabr tarixli qərarına əsasən, teatr işi Xalq Maarifi Nazirliyinin sərəncamına verilmiş və mövcud truppalar əsasında Dövlət Teatrının təşkili tapşırılmışdı. Teatrın direktoru Qulamrza Şərifzadə, direktor müavini Zülfüqar Hacıbəyov idi.

24 oktyabr 1923 – Tanınmış aktyor Dadaş Nadir oğlu Kazımov (1923-1992) Bakıda doğulub. 1956-cı ildən Musiqili Komediya Teatrında çalışıb, filmlərdə çəkilib.

24 oktyabr 1928 – Xalq artisti, bəstəkar İbrahim Qurban oğlu Məmmədov (1928-1993) Bakıda doğulub. Müxtəlif janrlarda əsərlərin, uşaqlar üçün “Tülkü və Alabaş” opera-baletinin müəllifidir.

24 oktyabr 1929 – Musiqişünas, sənətşünaslıq namizədi, Əməkdar müəllim Solmaz Cəlal qızı Qasımova (1929-2016) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının  professoru olub.

24 oktyabr 1929 – Ədəbiyyatşünas alim, professor Şəmistan Abdu oğlu Mikayılov (1929-2018) Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub. Ədəbiyyat dərsliklərinin müəllifidir.

24 oktyabr 1931 – Əməkdar mədəniyyət işçisi Rimma Əli qızı Abdullayeva (1931-2017) Ağdam rayonunda doğulub. “Azərbaycanfilm” kinostudiyasında film direktoru vəzifəsində işləyib.

24 oktyabr 1993 – Xalq artisti, ustad xanəndə, qəzəlxan-şair Hacıbaba Hüseynəli oğlu Hüseynov (15.3.1919 – 1993) vəfat edib. Çoxsaylı təsniflərin müəllifidir, istedadlı qəzəlxan kimi tanınıb.

24 oktyabr 2002 – Bakıda Hüseyn Cavidin Ev-Muzeyinin açılışı keçirilib. Prezident Heydər Əliyev mərasimdə iştirak edib. 

24 oktyabr 2011 – Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

24 oktyabr 2017 – Prezident İlham Əliyev böyük şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

21 oktyabr 1833 – İsveçli mühəndis, ixtiraçı, Nobel mükafatlarının təsisçisi Alfred Nobel (Alfred Bernhard Nobel; 1833-1896) Stokholmda doğulub.

21 oktyabr 1928 – Tatar əsilli Rusiya aktyoru Radner Zinyatoviç Muratov (1928-2004) anadan olub. Filmləri: “Uğur centlmenləri”, “Qızıl buzov” və s.

 

22 oktyabr 1811 – Macar bəstəkarı Ferens List (Ferenc Liszt; 1811 – 31.7.1886) anadan olub. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası, “Prelüdlər”.

22 oktyabr 1870 – Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1933) İvan Alekseyeviç Bunin (1870 – 8.11.1953) anadan olub.

22 oktyabr 1919 – İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2007) Doris Lessinq (Doris Lessing; 1919 – 17.11.2013) İranın Kirmanşah şəhərində doğulub. Atası İranda ingilis ordusunun zabiti olub.

 

23 oktyabr 1920 – İtalyan uşaq yazarı Canni Rodari (Gianni Rodari; 1920-1980) anadan olub. “Çipollinonun sərgüzəştləri” əsəri ilə məşhurlaşıb.

23 oktyabr 1844 – Alman rəssamı Vilhelm Leybl (Wilhelm Maria Hubertus Leibl; 1844-1900) anadan olub.

 

24 oktyabr 1882 – Macar bəstəkarı İmre Kalman (1882-1953) anadan olub. “Silva”, “Sirk şahzadəsi”, “Monmartrın bənövşəsi” operettalarının müəllifidir.

24 oktyabr 1911 – Məşhur rus aktyoru, rejissor, SSRİ Xalq artisti Arkadi İssakoviç Raykin (1911-1987) anadan olub.

Hazırladı: V.Orxan