Özbəkistan Rəssamlıq Akademiyasının nümayəndə heyəti oktyabrın 13-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) qonağı olub.

ADRA ilə tanışlıq zamanı qonaqlara tədris prosesi, yaradıcılıq emalatxanaları və s. barədə məlumat verilib.

Özbəkistan nümayəndə heyəti akademiyada təhsil-tədrisin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.

Sonra ADRA ilə Özbəkistan Rəssamlıq Akademiyası nəzdindəki İncəsənət təhsili üzrə müəllim və mütəxəssislərin yenidən hazırlanma və ixtisasartırma mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

ADRA-nın rektoru professor Natiq Əliyev və Özbəkistan heyətinin rəhbəri, sözügedən mərkəzin direktoru Davron Şükürovun imzaladığı sənəddə iki təhsil müəssisəsi arasında təcrübə, tələbə-müəllim mübadiləsinin artırılması kimi məsələlər əksini tapıb.

Görüşdən sonra qonaqlar üçün paytaxtımızla tanışlıq turu da təşkil olunub.