Xəbər verdiyimiz kimi, 8-11 oktyabr tarixlərində paytaxtımızda Mədəniyyət Nazirliyi, TÜRKSOY, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirildi.

Festivala qonaq qismində qardaş Türkiyədən də tanınmış kino xadimləri gəlmişdi. Azərbaycan tamaşaçısının da “Qurdlar vadisi” serialından yaxşı tanıdığı aktyor Sefa Zenginlə ayaqüstü söhbət etdik.

Sefa Zengin 1968-ci il mayın 26-da Türkiyənin Malatya şəhərində anadan olub. 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında aktyor kimi çalışıb.

İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət “Teatr Kandela” tərəfindən səhnələşdirilən “Karmakarışık”, “Popkorn”, “Kare As” və “Oyun” tamaşalarına quruluş verib. “İkinin biri”, “Troyalı qadınlar”, “Qorxuram, sevgilim” tamaşalarında, “Kurşun Bilal”, “İsimsizler”, “Qızıl alma” və s. seriallarda rol alıb. O, 2003-2004-cü illərdə “Qurdlar vadisi” serialında oynadığı psixoloji problemləri olan Erdal Kömürcü personajı ilə böyük aktyorluq məharətini ortaya qoyub, kinosevərlərin rəğbətini qazanıb. Bu günədək 50-dən çox film və seriala çəkilən aktyor filmlərin səsləndirilməsində də iştirak edir.

Sefa bəydən ilk olaraq festivalla bağlı təəssüratlarını xəbər aldıq.

– Azərbaycana ilk dəfədir gəlirəm və burada olmaqdan çox məmnunam. Festival mənim üçün çox yaddaqalan oldu. Festival çərçivəsində Şuşaya da səfər etdik. Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər, Qarabağın işğaldan azad olunması məni çox sevindirdi. Buna şahid olmaq mənim üçün böyük xoşbəxtlikdir.

Festivalın açılış və bağlanış mərasimlərinin gerçəkləşdiyi Heydər Əliyev Mərkəzi öz memarlığı ilə möhtəşəmdir. Doğrusu, bu bina məni heyrətləndirir və buranı görməyi çoxdan istəyirdim.

 

– Festival müddətində paytaxtımızla tanış ola bildinizmi?

– Əlbəttə. Bu müddət ərzində Bakının tarixi yerlərinə, mədəniyyət abidələrinə baş çəkmək imkanım oldu. Onu xüsusilə qeyd etmək istəyirəm ki, “Qurdlar vadisi” serialında canlandırdığım obraza görə Azərbaycanda da çox sevildiyimi görmək məni hədsiz dərəcədə xoşbəxt elədi.

 

– Şuşaya da getdiyinizi söylədiniz. Bu il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən şəhərimiz sizdə nə kimi təəssürat oyatdı?

– Şuşanı düşündüyümdən çox fərqli bir yer kimi gördüm. Çünki Şuşa işğal zamanı vandalizmə məruz qalıb. Cıdır düzünü və bir çox tarixi məkanları gəzdik, abidələrlə tanış olduq. Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün abidələrini görəndə çox təsirləndim, təəssüf etdim. Heykəllərdəki güllə yerləri... Heç heykəl də güllələnərmi? Bu hərəkəti etmək üçün çox yırtıcı bir ruha sahib olmaq lazımdır...

 

– Hazırda hansısa filmdə, serialda çəkilirsinizmi?

– Bu ayın sonunda TRT-nin rəqəmsal “Tabii” platformasında “Teşkilat-ı mahsusa –Trablus” (“Xüsusi təşkilat –  Trablus”) adlı yeni serial yayına başlayacaq. Serialda Şeyx Danyal obrazı ilə tamaşaçıların qarşısına çıxacağam. Yaxın aylarda üç yeni filmin çəkilişlərinə başlayacağıq. Bundan başqa, hazırda “Albalı bağçası” adlı teatr tamaşasında rol alıram.

 

– Azərbaycandan və ya digər türk respublikalarından film təklifi gəlsə, qəbul edərsinizmi?

– Məmnuniyyətlə. Ümid edirəm ki, belə bir təklif alaram (gülür)...

Nurəddin Məmmədli