Qardaş xalqların kino xadimlərinin III “Korkut Ata” festivalından təəssüratları
Qırğızıstanın TÜRKSOY-dakı nümayəndəsi Kanat Mambetaliyev:
– Çox gözəl tədbirdir. Artıq üçüncü dəfə keçirilməsinə rəğmən öz ənənələrini yarada bilib. Ümumiyyətlə, mən təkcə festivaldan deyil, həm də TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əhəmiyyətini yüksək qiymətləndirirəm. Builki festivalda ölkəmizdən bir neçə film nümayiş olundu. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə həsr olunmuş filmin nümayişi də bizim üçün çox vacib məqamlardan idi. Heydər Əliyev və Çingiz Aytmatova həsr olunan film maraqla qarşılanır.
Türkmənistandan festivalın münsifi Dövlətmurad Xanməmmədov:
– İlk dəfədir festivala qatılıram. Eyni zamanda Azərbaycana da ilk gəlişimdir. Bakıda olmaqdan, Şuşaya səfərimizdən hədsiz məmnunam. Türk dünyası böyük bir məfhumdur. Türk dünyası kinosuna bizim kinematoqrafçılar da öz töhfələrini verməkdədirlər. Həm sənədli, həm də bədii filmlərlə bu festivala qatılmışıq. Qoy türk xalqlarının birliyi əbədi olsun, çiçəklənsin. Biz uzun illərdir yeni Bakını görməyi arzulayırdıq. Demək olar ki, ötən əsrdən biz Azərbaycana gələ bilməmişdik. Görürük ki, müstəqillik Azərbaycana çox şey qazandırıb. Bütün Türk dünyasına xoş günlər arzulayıram.
Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmanaliyev:
– Bu festival, həm də Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi bütün türk xalqları mədəniyyəti üçün əlamətdar hadisədir. Hər bir ölkə öz mədəni dəyərləri və istedadları ilə zəngindir. Kino məktəbi də bu mədəniyyət təchizatlarında özünəməxsus mövqeyə malikdir. Keçmiş sovetlər birliyində olan türk dövlətlərinin hər biri eyni kino məktəbi keçib və çox zəngin ənənələrə sahibdirlər. Çox şadam ki, bu gün Qırğızıstandan olan tanınmış kino xadimləri tədbirə qatılıblar. Festivalın adını isə xüsusi qeyd etmək istərdim ki, Türk dünyasının ortaq dəyəri olan Dədə Qorqud bizi birləşdirir. Bizim birgə qədim keçmişimiz, ümumi olan bu günümüz və parlaq gələcəyimiz var. Biz birlikdə güclüyük. Kino isə mədəniyyətin vacib təbliğat sahələrindən biridir. Qoy bu birlik bizi sənətin bütün sahələrində bir-birimizə və dünyaya daha yaxından tanıtsın...
Azərbaycan hər zaman öz qonaqpərvərliyi, mədəniyyəti ilə seçilir. Burada mədəniyyətə, incəsənətə daim diqqətlə yanaşılıb.
Qırğızıstanın Xalq artisti Nasira Mambetova:
– Hər şey gözəldir, əhvalımız bayramsayağıdır. Biz gözəl günlərə, gözəl həyata başlayırıq. Sovet vaxtı da respublikalarımız bir-birinə yaxın idi. Amma bu gün əlaqələrimiz türk xalqlarının birliyi üzərində qurulmaqla yeni mərhələyə qədəm qoyur. Biz bundan çox məmnunuq. Arzum budur ki, tez-tez görüşək, mədəni mübadilələr çox olsun. Təkcə kino deyil, teatr, musiqi və sənətin müxtəlif sahələrini əhatə etsin.
Təəssüratları dinləyib qələmə aldı
L.Azəri